Zelenski ukraynalılara müraciət edərək ölkəsinin çətin seçim qarşısında olduğunu deyib

Ukrayna prezidenti Volodimir Zelenski ukraynalılara müraciət edərək ölkəsinin çətin seçim qarşısında olduğunu deyib.
Noyabrın 21-də videomüraciətlə çıxış edən Zelenski Ağ Evin təqdim etdiyi, Ukraynadan Rusiyaya ərazi güzəştlərinə getməyi tələb edən plan üzündən ABŞ-nin dəstəyini itirmək riski ilə bağlı xəbərdarlıq edib.
Prezident bildirib ki, Ukrayna “çox çətin seçimlə üzləşə bilər: ya ləyaqətini itirmək, ya da əsas tərəfdaşı itirmək riski ilə qarşılaşmaq." O əlavə edib ki, “bu gün tariximizin ən çətin anlarından biridir.”
10 dəqiqəlik müraciətində Zelenski həm də xəbərdarlıq edib ki, Ukrayna “çoxlu təzyiqlərlə, onu zəiflətməyə, bölməyə” cəhdlərlə üzləşəcək və xatırladıb ki, “düşmən yatmır”.
Ukraynalıları birliyə çağıran Zelenski vurğulayıb ki, ölkənin “milli marağı nəzərə alınmalıdır”.
“Özümüzü yüksək səslə bəyanat verməklə göstərmirik. Amerika və bütün tərəfdaşlarla sakit şəkildə işləyəcəyik… Təklif olunan sülh planına alternativlər irəli sürəcəyik", - o deyib.
Zelenski, həmçinin, Böyük Britaniyanın baş naziri Kir Starmer, Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Fridrix Mertslə telefon danışığı zamanı bu ölkələrdən dəstəyin davam edəcəyi barədə arxayın edildiyini bildirib.
Zelenski ayrıca bir "X" paylaşımında isə ABŞ vitse-prezidenti Ceyms Vens və ABŞ ordusunun katibi Den Driskol ilə danışdığını xəbər verib və əlavə edib ki, Ukrayna ABŞ prezidenti Donald Trampın müharibəni bitirmək səylərinə “həmişə hörmətlə yanaşır”.
Tramp noyabrın 21-də Ağ Evdə xəbərdarlıq edib ki, Ukrayna qısa müddət ərzində Rusiyaya daha çox ərazi uduza bilər.
O deyib ki, Ukraynaya 27 noyabra qədər sülh razılaşmasına razılıq vermək üçün müddət verib, lakin əgər "işlər yaxşı gedərsə”, bu tarix uzadıla bilər.
ABŞ prezidenti bildirib ki, “fikrimizcə, sülhə nail olmağın bir yolu var” və əlavə edib ki, Zelenski “bunu təsdiqləməli olacaq”.
Vaşinqton Kiyevə Trampın planını tez qəbul etməsi üçün təzyiq göstərir və bu həftənin əvvəlində yüksək rütbəli Pentaqon rəsmilərini Ukrayna paytaxtına göndərib.
Trampın planında yeni təkliflər arasında Ukrayna Silahlı Qüvvələrinin sayının azaldılması, bu ölkənin NATO üzvlüyü iddiasından əl çəkməsi, Rusiya üzərindən sanksiyaların götürülməsi, Krım, Luqansk və Donetskin Rusiyaya verilməsi kimi şərtlər var.