AZAL-a məxsus sərnişin təyyarəsi Sankt-Peterburq hava limanında təcili qəza enişi edib

AZAL xəbər verir ki, aviaşirkətə məxsus "Airbus-320" təyyarəsi "uçuş təhlükəsizliyini təmin etmək məqsədilə" Sankt-Peterburq–Bakı marşrutu üzrə reysi yerinə yetirərkən şassidə nasazlıq səbəbilə geri qayıdaraq Pulkovo Hava Limanına eniş etməyə qərar verib.
"Bütün təhlükəsizlik prosedurlarına uyğun olaraq ekipaj enişdən əvvəl yanacağın müəyyən hissəsini sərf etməklə lazımi tədbirləri yerinə yetirib", - deyə bildirilir.
Təyyarə Bakı vaxtı ilə saat 04:43-də Pulkovo Hava Limanına enib. Eniş zamanı təyyarənin uçuş-enmə zolağından cüzi kənara çıxdığı bildirilir. Lakin göyərtədə olan 155 sərnişindən xəsarət alan yoxdur.
AZAL əlavə edib ki, Sankt-Peterburqdan Bakıya sərnişinlərin daşınması üçün artıq digər AZAL təyyarəsi göndərilib.
"AZAL sərnişinlərə göstərdikləri təmkin və anlayış üçün təşəkkürünü bildirir, Pulkovo Hava Limanının xidmətlərinə peşəkar və koordinasiyalı fəaliyyətlərinə görə minnətdarlığını ifadə edir", - aviaşirkətdən bildirilib.