Penitensiar Xidmətin nəzdində 2 saylı müəssisədə cəza çəkən Müsəlman Birliyi Hərəkatının (MBH) üzvü Razi Hümbətovun koma vəziyyətində son nəfəsini alan anası ilə görüşmək istəyi idarə tərəfindən rədd edilib.
Ötən gün (18 iyul) görüntülü zəng üçün şərait yaradılsa da, Razi anasının huşsuz vəziyyətindən daha çox narahatlıq yaşayıb. Təbii olaraq son nəfəsində anasının yanında olmaq, onunla vidalaşmaq acısı məhbəs həyatını onun üçün çəkilməz hala gətirib.
Bu səhər atası Kərrar Hümbətov Penitensiar Xidmətin baş idərəsində Fikrət Qafarovun qəbulunda olub və oğlunun son dəfə anası ilə görüşməsi üçün qısa müddətli azadlığını ondan xahiş edib. F. Qafarov isə qanunda belə bir hüququn mümkünlüyünü bildirsə də, lakin onun işlək olmadığını bəhanə gətirərək icrasını məqbul saymayıb və ataya rədd cavabı verib.
Maraqlı odur ki, məhbusların məzuniyyətə buraxılması faktı təkcə qanun üzərində deyil, hətta 2023-cü ildə 4 saylı müəssisədə bir neçə məhbusa şamil edilərək, onlar 3-7 günlük məzuniyyətə evə buraxılıblar.
Hüquq müdafiəçiləri qanunda əksini tapan maddənin həqiqətən də mövcudluğunu təsdiqləyiblər. Onlar məhbusun xüsusi ağır və ağır cinayətlər istisna olmaqla cəza müddətinin 3 ildən artığının çəkilməsindən sonra məzuniyyət haqqına malik olmasının mövcud qanunvericiliyə əsaslandığını bildiriblər.
Belə olan halda 2021-ci il iyunun 7-də saxlanılan MBH üzvü Razi Hümbətovun ağır vəziyyətdə olan anasını son dəfə görmək üçün məzuniyyət hüququnu Penitensiar Xidmətin tanımaması növbəti hüquq pozuntusu deyilmi?
Siyasi məhbusun anası ilə son dəfə görüş istəyi rədd olundu