Çinin ABŞ-ı qəzəbləndirəcək Səudiyyə Ərəbistanı ilə iqtisadi münasibətləri

Səudiyyə Ərəbistanı rəsmi xəbər agentliyinin (SPA) xəbərinə görə, Çinin paytaxtı Pekində Səudiyyə Ərəbistanı-Çin Biznes Forumu işə başlayıb. Forumda Səudiyyə Ərəbistanından mənzil naziri Məcid əl-Hukayl və Pekindəki səfir Əbdürrəhman bin Əhməd əl-Hərbi iştirak edib.

SPA-ya açıqlama verən Hukayl, iki ölkə arasında Səudiyyə Ərəbistanında infrastrukturun inkişafı, maliyyə, mənzil və daşınmaz əmlak sahələrində 12 investisiya müqaviləsi imzaladıqlarını və investisiya dəyərinin 5 milyard riyaldan çox olduğunu bildirib.

Səudiyyə Ərəbistanının 17 şəhərində 300 min evin tikintisinə başlanıldığını bildirən Hukayl, bunların ümumi investisiya dəyərinin 100 milyard riyalı (27 milyard dollar) keçdiyini vurğulayaraq, Çin şirkətlərini ölkəyə sərmayə qoymağa çağırıb.

Nazir Hukayl Çinə 4 günlük səfəri çərçivəsində Səudiyyə Ərəbistanı şəhərlərində infrastruktur layihələrinin inkişafı və bələdiyyə və mənzil sektorunda investisiya imkanları ilə bağlı Çin rəsmiləri ilə görüşəcək.