İnsanların müqəddəs saydıqları kitabları yandırmaq insanlığa qarşı terrordur!

İnsanların dininə-inancına ehtiraam insanlıq borcudur!

İnsanların dinini-inancını təhqir etmək İNSANLIQ dəyərlərini ayaqlar altına atmaqdır. Onilliklər boyu insan haqlarını müdafiə edən qurumlar insanların etiqadına hörmət edilməsini vacib saymış, TOLERANTLIĞI təbliğ etmişlər.

İndi dünyanın gözü qarşısında İsveç və Danimarka kimi ənənəvi olaraq insan haqlarına dəyər verilən ölkələrdə müsəlmanların müqəddəs kitabı Quranın yandırılması aksiyaları keçirilir. Bu, yüz milyonlarla müsəlmanın dini heysiyyatının təhqir edilməsidir. Təhqirin hər forması isə - YOLVERİLMƏZDİR!

Tövrata da, İncilə də, Qurana da, Avestaya da, Bhaqavatgitaya da, digər müqəddəs sayılan kitablara da ehtiram göstərmək inancından asılı olmayaraq, hətta inanclı olub-olmamasından asılı olmayaraq, hər bir insanın insanlıq vəzifəsidir.

O kitablarda yazılanları kimsə qəbul etməyə bilər, tənqid edə bilər, razı olmadığı məqamları yazıb öz fikrini bildirə bilər, öz iradını söyləyə bilər - bunlar da hər bir insanın haqqıdır. Amma TƏHQİR - yolverilməzdir!..

İndicə xəbərlərdə oxuyuram ki, bugün də İsveçdə Quranın yandırılması aksiyasına icazə verilib. Mən şokdayam! Mən İsveçdə də, Danimarkada da olmuşam, iki il Norveçdə yaşamışam və Skandinaviyalıların nə qədər kübar olduğunun, insanların dini etiqadına necə hörmətlə yanaşdıqlarının canlı şahidi olmuşam. İndi necə oldu birdən-birə yüz milyonların (o cümlədən orada yaşayan on minlərlə insanın) müqəddəs saydığı kitab bu rahatlıqla yandırılır?.. Bu açıq bir təxribatdır. Müsəlmanların hansısa əməlləri kimlərdəsə İslam dininə qarşı nifrət hissi yaradıbsa belə, yenə də düzgün etiraz yolu deyil. Acizlik göstəricisi və tərbiyəsizlik. Çox təəssüf!..

Məncə, belə tərbiyəsizliyə ən gözəl etiraz dinindən-inancından asılı olmayaraq, bütün müqəddəs kitablara ehtiramı nümayiş etdirməkdir. Qoy o tərbiyəsizlər öz cahid hərəkətlərinə baxıb, utansınlar...

Allah bəşəriyyəti hər cür təxribatdan qorusun!..

 

Elşən Mustafaoğlu