Neft Fondunun gəlirləri açıqlanıb

«Neftin qiymətinin nəzərdə tutulandan daha yüksək olması nəticəsində Azərbaycan Dövlət Neft Fondunun (ADNF) 2018-ci il büdcəsində 6.2 milyard manat profisit yaranıb. Fondun aktivləri təqribən 7.6 faiz artaraq 38.5 milyard dollara yüksəlib».
 
Bunu AZƏRTAC-a müsahibəsində Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov deyib. O vurğulayıb ki, fondun mənfəət nefti və qazın satışı ilə bağlı ötən ilki gəlirləri 9.8 milyard dollar olub.
 
Neft Fondunun vəsaitləri illik artsa da, rüblük azalma var.
 
Ötən il oktyabrın 1-də onun aktivlərinin 38 mlrd. 987.7 mln. ABŞ dolları olduğu açıqlanmışdı.
 
Neft Fondu 2001-ci ildə fəaliyyətə başlayıb. O vaxtdan fonda 140 milyard dollar civarında vəsait daxil olduğu bildirilir. Həmin vəsaitin çox hissəsinin bir sıra yerli və beynəlxalq layihələrə, dövlət büdcəsinə transfertlərə getdiyi açıqlanıb.