Nazirlər Kabinetində yeni təyinat

Nazirlər Kabinetinin Aparatında yeni təyinat olub.
 
Qaynarinfo-nun məlumatına görə, baş nazirin Katibliyinin rəisi təyin edilib.
 
Baş nazirin Katibliyinin rəisi vəzifəsinə Ərəstü Həbibbəyli təyin olunub.
 
Qeyd edək ki, Ərəstü Həbibbəyli 1980-cı ildə Naxçıvan şəhərində anadan olub. Naxçıvan şəhərində 12 saylı orta məktəbi bitirdikdən sonra 1997-2001-cü illərdə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsində bakalavr, 2001-2003-cü illərdə isə magistr pillələrində təhsilini davam etdirib. 2003-2006-cı illərdə Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda beynəlxalq iqtisadi münasibətlər üzrə aspiranturada təhsil alıb. 2006-cı ildə "Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı ilə iqtisadi əlaqələri” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsinə yiyələnib. 2002-2007-ci illərdə İqtisadi İnkişaf Nazirliyində işləyib. 2007-ci ildən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici əlaqələr şöbəsində işləyib, 2015-ci ildən Xarici siyasət məsələləri şöbəsinin müdir müavini olub.