"Nazim Bəydəmirli həbs olunduğu gündən ailəsi ilə nə danışa, nə də görüşə bilib"

"Nazim Bəydəmirli həbs olunduğu gündən bəri bir dəfə də olsun ailə üzvləri ilə nə görüşə, nə də telefonla danışa bilib".

Bu barədə Amerikanın Səsinə "Müdafiə Xətti" insan haqları təşkilatının həmtəsisçisi Rüfət Səfərov məlumat verib. Hüquq müdafiəçisinin sözlərinə görə, Milli Məclisin keçmiş deputatı, iqtisadçı Nazim Bəydəmirli üçün evdə hazırlanan sovqatları da həbsxanaya buraxmırlar:

"Baxmayaraq ki, qanunvericiliyin tələblərinə görə Nazim bəy həftədə iki dəfə 15 dəqiqədən az olmayaraq ailə üzvləri ilə danışmaq hüququna malikdir, onun ailəsi ilə telefonla danışmasına icazə verilmir. Eyni zamanda, həftədə bir dəfə ailə üzvləri ilə görüşmək hüququ var. Görünür siyasi hakimiyyətin, Prezident Administrasiyasının təlimatı budur ki, Nazim bəyin ailə üzvləri ilə ünsiyyəti olmasın".

Hüquq müdafiəçisi bunu "repressiv tədbirlərin davamı" adlandırıb. "Müdafiə Xətti" insan haqları təşkilatı olaraq baş verən hadisəni pislədiklərini, qanunazidd olduğunu deyib.

"Nazim Bəydəmirlinin tamamilə saxta səbəb və motivlərlə həbs edildiyi, cəmiyyətdən təcrid olunduğu heç kimdə şübhə doğurmur. Biz hüquq müdafiəçilərinə Nazim bəyin Gədəbəyin Söyüdlü kəndində baş verən məlum hadisələrdən sonra həbs edildiyi və həbsin səbəbinin bununla əlaqədar olduğu aydındır. İrəli sürülən rəsmi ittiham uydurmadır, biz buna inanmırıq. Həbsin və təqibin sırf siyasi ağırlıqlı olduğu aşkar həqiqətdir", deyə hüquq müdafiəçisi qeyd edib.

Qeyri-iş günü olduğu üçün Penitensiar Xidmətdən, hələlik, mövqe almaq mümkün olmayıb.

İyulun 5-də Nərimanov Rayon Məhkəməsi hakim Vüsal Qurbanovun sədriyi ilə Nazim Bəydəmirli barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib.

Keçmiş deputata qarşı Cinayət Məcəlləsinin 182.2.4-cü (Hədə-qorxu ilə tələb etmə, xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. İlkin olaraq Bəydəmirlinin Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində Gədəbəy rayonunun Söyüdlü kəndində yerli sakinlərin etiraz aksiyaları ilə bağlı şübhəli şəxs qismində saxlanılması barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatında deyilir ki, Bəydəmirli vətəndaşın müraciəti əsasında saxlanılıb.

"Belə ki, vətəndaş polisə müraciət edərək Nazim Bəydəmirlinin onun barəsində rüsvayedici görüntülərin olduğunu qeyd edərək ondan 50 min manat tələb etdiyini bildirib. O, cari il iyunun 14-də Bəydəmirliyə 10 min manat versə də sonuncu qalan məbləği vermədiyinə görə şikayətçini ailəsi ilə şantaj edərək rüsvayedici görüntüləri yayacağını bildirib", mətbuat xidməti bildirib.

İyulun 10-da Bakı Apellyasiya Məhkəməsi iqtisadçı barəsində Nərimanov Rayon Məhkəməsinin seçdiyi həbs qətimkan tədbiri qərarını qüvvədə saxlayıb.

Hüquq müdafiəçiləri keçmiş deputatın həbsini siyasi hesab edir və onun Gədəbəy rayonunun Söyüdlü kəndinədəki qızıl mədəni ilə bağlı yerli sakinlərin etirazını müdafiə etdiyinə görə saxlanıldığı qənaətindədirlər.