“Müdafiə Xətti”-nin 26 fevral - 05 mart 2023-cü il tarixləri arasında Azərbaycanda qeydə aldığı hüquq pozuntuları

“Müdafiə Xətti” İnsan Haqları Təşkilatının   26 fevral 2023-ci il və 05 mart 2023-cü il tarixləri arasında Azərbaycanda qeydə aldığı hüquq pozuntuları ilə bağlı 68saylı bülleteni

27 fevral 2023-cü il.  "Azərtac" Dövlət İnformasiya Agentliyinin keçmiş əməkdaşı Aygün Əliyeva intihara cəhd edib. Jurnalist “Azərtac”dan işlədiyi qurumdan əsassız surətdə çıxarılmasına və sonradan məhkəmə prosesində üzləşdiyi ədalətsizliyə görə intihara əl atıb. Hazırda Aygün Əliyeva 1 saylı Kliniki Tibbi Mərkəzin reanimasiyasında müalicə alır.

02 mart 2023-cü il. Bakı Apellyasiya Məhkəməsində 53 gün aclıq keçirdikdən sonra dövlətə xəyanətdə ittiham edilən İslam Partiyasının üzvü olmuş Səbuhi Səlimov ürək tutmasından vəfat edib. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunub. İttihama görə, Səbuhi Səlimov İran xüsusi xidmət orqanı olan SEPAH-la əməkdaşlıq edib, SEPAH rəhbərlərindən təlimatlar alıb. Səbuhi Səlimov ittihamı qəbul etməyib, etiraz olaraq aclıq aksiyasına başlayıb.

03 mart 2023-cü il. Həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyevin sosial şəbəkə hesabı ələ keçirilib, onun şəxsi həyatına dair yazışma, foto və videolar qanunsuz olaraq toplanıb, yayılıb. Hazırda Bəxtiyar Hacıyev “qara piar”ın qurbanıdır. Eyni zamanda, yazışmalarda adı hallanan xanımların da şəxsi həyatına dair yazışma, foto və videolar tirajlanıb. Onlardan bəziləri yaxınları tərəfindən təhdidə məruz qalıb, həyat və sağlamlıqları təhlükə altındadır.