MN sabiq şöbə rəisi: “Pulları bir yerdə mənimsəmişik, bu barədə danışmaq istəmirəm” - 143 milyonluq mənimsəmə ilə bağlı məhkəmə

Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin sabiq rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi Vüsal Əlizadənin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən iclasda şahid qismində Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin Təftiş şöbəsinin sabiq rəisi, polkovnik Rafail Xələfov ifadə verib.

Hakim, Rafail Xələfovun əvvəllər məhkəmədə şahid qismində ifadə verdiyini, lakin Nizami Məmmədovun vəkili Rəşad Mirmehdizadənin vəsatəti ilə təkrar məhkəməyə çağırıldığını deyib.

Qeyd olunub ki, Rafael Xələfovun yenidən məhkəməyə çağırılması bəzi şahidlərin ifadələri ilə onun dediklərinin uyğun gəlməməsi ilə bağlıdır. Həmçinin Rafail Xələfov istintaq zamanı digər təqsirləndirilən şəxslərlə birgə məsuliyyətə cəlb edilsə də, istintaqın sonunda onun barəsində olan cinayət işi ayrıca icraata götürülüb.

Rafael Xələfov Nizami Məmmədovun vəkillərinin sullarını cavablandırarkən bildirib ki, onun barəsində olan cinayət işi üzrə istintaq davam edir. Vəkilin sonuncu dəfə məhkəmədə şahid qismində dindirildikdən sonra nə qədər ziyanın dövlət büdcəsinə ödəməsi ilə bağlı sualına isə cavab olaraq polkovnik, məhkəmədə dindiriləndən sonra dövlət büdcəsinə ziyanla bağlı ödəniş etdiyini deyib, amma həmin məbləği açıqlamaq istəmədiyini bildirib.

Vəkili isə Rafail Xələfov tərəfindən 800 min manat ödəniş edildiyini bildirib.

Rəşad Mirmehdizadə R. Xələfova “Təftiş Şöbəsinin zabiti olan Teymur Teymurov məhkəmədə gəlib ifadə verdi ki, sizinlə onun arasında verilən məbləğlərlə bağlı iddiyət var. Ümumiyyətlə, bunu təsdiq edirsizmi?” sualını ünvanlayıb.

R. Xələfov isə ilkin ifadəsindən başqa bütün ifadələrini təsdiq etdiyini qeyd edib: “Amma mənim Teymur Teymurovla heç bir problemim olmayıb. İbtidai istintaqda ilkin ifadəmi verən zaman fikirli olmuşam”.

R. Xələfovun ibtidai istintaqda ilk ifadəsinin həm Nizami Məmmədov, həm də yoxlayıcıların ifadələri ilə üst-üstə düşməməsi barədə suala isə o, belə cavab verib: “Biz həmin zabitlərlə bir yerdə xidmət etmişik. Bu pulları bir yerdə mənimsəmişik. Bu barədə danışmaq istəmirəm”.

Vəkil R.Mirmehdizadə daha sonra R.Xələfovla Bayram Bayramov arasında alınan məbləğlə bağlı çox ziddiyətli məqamların olduğunu deyib.

Bayram Bayramov bildirib ki, R.Xələfovla birlikdə 2021-ci ildə onun maliyyə xidmətinin rəisi olduğu korpusda yoxlama aparıblar: “Yoxlamaya gələnlər bilinən vəsaitlərlə bağlı 30 faiz, bilinməyən vəsaitlərlə bağlı isə 60 faiz alıblar. “N” saylı korpusda 2021-ci ilin təftişi zamanı İsmayılın maşınında Həsən Paşayevlə Rafael Xələfova 1 milyon 263 min manat təftiş pulu vermişəm. Ancaq o daha aşağı olan başqa məbləğ aldığını deyir”.

R.Xələfov bildirib ki, həmin məsələ ilə bağlı bundan əvvəl dindirmə zamanı ətraflı ifadə verib: “Boş-boş suallara cavab vermək istəmirəm. Pulu Həsənə verdi, ya mənə verdi fərqi yoxdur. Umumilikdə Bayram həmin gün 950 min manat pul verib”.

Daha sonra Cəlal Kazımovla R.Xələfovun ifadələri arasında verilən məbləğlə bağlı mübahisəli rəqəmlər olduğu diqqətə çatdırılıb. Cəlal Kazımov hakimlərə müraciət edərək R.Xələfovun oğlunun hazırda məhkəmə zalında olduğunu deyib və onu zaldan çıxmağı xahiş edib: “Bəzi məsələlər var, onun atası barədə bu sözləri eşitməyini istəmirəm”.

Hakim Fikrət Əliyev məhkəmə prosesinin qapalı keçirilmədiyini deyib və R.Xələfovun oğlunun zalda oturmasının hər hansı qanun pozuntusu olmadığını bildirib.

Məhkəmə bu məsələ müzakirə edilmədən davam etdirilib.

C.Kazımov deyib ki, R.Xələfovla bəzi məbləğlərlə bağlı aralarında ziddiyət var: “Ziddiyyət 210 min, Fariz Nəbiyevlə bağlı 70 min, bir də inspeksiya pulu adı ilə 2 dəfəyə verilən 140 minlə bağlıdır. Bu pulların hamısını Rafael Xələfova vermişəm”.

R.Xələfov isə deyib ki, həmin məbləğlərin hamısını aidiyyəti üzrə çatdırıb.

C.Kazımov onu da qeyd edib ki, 143 milyonluq mənimsəmə üzrə cinayət işində tək 4 nəfərlə bağlı 7 milyon 555 min 216 manat çatışmazlıq var, bu pullar da Rafael Xələfovdadır: “O, bu barədə açıqlama verməlidir”.

R. Xələfov isə deyib ki, həmin məsələ ilə bağlı istintaqda hər şeyi danışıb: “Bu məbləği birinci dəfədir ki, burada eşidirəm”.

Daha sonra R. Xələfov, 4 milyon 600 min manatın MN-in Maliyyə və Büdcə İdarəsinin rəisi olmuş general Namiq Poladova verilməsi ilə bağlı suallara belə cavab verib: “Namiq Poladov məni sürgün etmişdi. Amma məni bu barədə bir söz deyə bilmərəm. Bilirəm ki, məndən söz almaq istəyirlər”.

Növbəti proses oktyabrın 11-də davam edəcək.

Qeyd edək ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin sabiq rəisi Bayram Bayramov, Hərbi Dəniz Qüvvələrinin maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadə, Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi polkovnik Mahir Şirvanov, həmçinin nazirliyin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov, nazirliyin mənzil istismar idarəsinin sabiq rəisi polkovnik Fikrət Mirzəyev Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində həbs ediliblər.

Təqsirləndirilən şəxslər dövlət büdcəsindən ayrılan pulları mənimsəməkdə ittiham edilirlər.

Xatırladaq ki, cinayət işi üzrə ümumilikdə dövlətə dəymiş ziyan 143 milyon manatdır.

Cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün məhkəməyə göndərilib. İstintaq dövründə dövlətə vurulmuş ümumi ziyanın 40 milyon manatı ödənilib.

Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb. Təqsirləndirilən şəxslərin hər biri Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda ziyan vurmaqla mənimsəmə törətmək) maddəsi ilə ittiham irəli sürülüb.

 

 

APA