Lavrov: Heç kim Rusiya iqtisadiyyatını dayandıra və ölkədə daxili siyasi sabitliyi poza bilməyəcək

Heç kim Rusiya iqtisadiyyatını dayandıra və ölkədə daxili siyasi sabitliyi poza bilməyəcək. 

Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrovun xaricdə yaşayan rusiyalı həmvətənlərin “İqtisadi əməkdaşlıq: həmvətənlər və Rusiyanın regionları” Ümumdünya Tematik Konfransının iştirakçılarına müraciətində deyilir. 

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb. 

"Əminliklə demək olar ki, heç kim Rusiya iqtisadiyyatını dayandıra və daxili siyasi sabitliyi poza bilməyəcək", deyə nazir bildirib. 

Onun sözlərinə görə, Rusiya tərəfi öz fəaliyyətində və planlarında Qərbin dağıdıcı hərəkətlərini nəzərə alır, lakin çətinliklərə baxmayaraq, inamla öz yolu ilə getməkdə davam edir. 

"Biz əvvəllər də sanksiyalarla üzləşmişik. Onilliklərin təcrübəsi bizə çətinliyin öhdəsindən uğurla gəlməyə kömək edir", deyə XİN başçısı əlavə edib. 

Lavrov Rusiya ilə bağlı beynəlxalq təcridin baş vermədiyini bəyan edib. 

"Bizim planetin bütün regionlarında çoxlu dostlarımız var. Biz MDB, Asiya, Yaxın Şərq, Afrika və Latın Amerikası ölkələrinin geniş spektri ilə əlaqələrimizi ardıcıl olaraq inkişaf etdiririk", deyə Lavrov vurğulayıb. 

Rusiya XİN rəhbəri əlavə edib ki, Moskva özünü Avropa və Şimali Amerikadakı biznes tərəfdaşlarından kənarlaşdırmır. 

"Yaranmış qarşılıqlı faydalı əlaqələri pozmaq heç vaxt bizim seçimimiz olmayıb", deyə nazir qeyd edib.