KİV: Pakistan sərhədində azı altı iranlı sərhədçi həlak olub

Sistan və Bəlucistan əyalətinin Pakistanla sərhədində azı altı iranlı sərhədçi həlak olub.

Operativtv.com xəbər verir ki, bu barədə bazar günü Tasnim agentliyi məlumat yayıb.

Məlumata görə, sərhəddə baş verən insident zamanı sərhəd qoşunlarının daha iki zabiti yaralanıb.

Bazar günü gecə adı açıqlanmayan terrorçu birləşmənin üzvləri Seravan sərhəd alayının məsuliyyət zonasında İslam Respublikasının ərazisinə daxil olub. Toqquşmalar nəticəsində radikallar İran-Pakistan sərhədini keçərək İran ərazisini tərk etməyə məcbur olublar.

Agentliyin məlumatına görə, terrorçu birləşmənin sıralarında, itkilər də var, lakin onların dəqiq sayı verilmir.

İran təhlükəsizlik qüvvələri bu hərəkətin nəticələrinin olacağını vəd edib. Hadisənin başvermə şəraitini aydınlaşdırmaq üçün hadisə yerinə polis rəhbərliyinin və sərhəd qoşunlarının nümayəndələri gəlib.