İsrail Knessetinin nümayəndə heyəti Azərbaycanda görüşlər keçirir

Operativtv.com Amerikanıın Səsinə istinadən xəbər verir ki, İsrail Knessetinin Xarici Əlaqələr və Müdafiə Komitəsinin nümayəndə heyəti Azərbaycanda səfərdədir.

Xarici əlaqələr və müdafiə komitəsinin sədri Yuli Yoel Edelşteynin başçılıq etdiyi nümayəndə heyəti iyunun 5-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov və xarici işlər naziri Ceyhun Bayramovla görüşüb.

Görüşlərdə Azərbaycan və İsrail arasında çoxşaxəli əməkdaşlıq gündəliyində duran aktual məsələlər, o cümlədən regionda baş verən hadisələr müzakirə mövzusu olub.

Nazir Ceyhun Bayramov qarşılıqlı səfərlər, siyasi dialoq və sıx təmasların münasibətlərin inkişafında əhəmiyyətli rol oynadığını bildirib.

Xarici İşlər Nazirliyinin məlumatında deyilir ki, Azərbaycan və İsrail arasında siyasi, iqtisadi, təhlükəsizlik, energetika, mədəni, humanitar, innovasiyalar sahələrində ikitərəfli əməkdaşlıq gündəliyinin, qarşılıqlı faydalı münasibətlərin, parlament diplomatiyasının səmərəliliyi münasibətlərin inkişafında mühüm rol oynayır.

Komitə sədri Yuli Edelşteyn, Azərbaycan ilə İsrail arasında qarşılıqlı hörmət, dəstək və dostluğa əsaslanan münasibətlərin inkişafından bəhs edərək, Azərbaycanın İsraildə Səfirliyinin açılmasının münasibətlərin daha da güclənməsinə xidmət edəcəyinə dair inamını ifadə edib.

Görüş zamanı münasibətlərin inkişafına xüsusi təsir edən amil kimi, yəhudi icmasının rolu vurğulanıb.

İsrail Knessetinin Xarici əlaqələr və müdafiə komitəsinin nümayəndə heyətinin Azərbaycana səfəri Azərbaycan-İran münasibətlərinin gərgin olduğu dövrə təsadüf edir.

İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Naser Kənani bu gün, iyunun 5-də İsraili İranla Azərbaycan arasında münasibətləri pozmaq cəhdində ittiham edib.

"Azərbaycan xalqı azərbaycanlı qardaşlarına qucaq açan sivil və islam ölkəsi olan İrandan deyil, sinonist rejimdən qorxmalıdır", o twitter hesabında yazıb.