İraq İranla Səudiyyə Ərəbistanı arasında vasitəçiliyi davam etdirəcəyini bildirib

 İraq prezidenti Əbdüllətif Rəşid ölkəsinin Səudiyyə Ərəbistanı ilə İran arasında vasitəçiliyini davam etdirdiyini təsdiqləyərək, görüşlərin indi də davam etdiyini, lakin nəticələrin tərəflərin özündən asılı olduğunu bildirib.

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, İraq prezidenti bunu Əl-Cəzirə telekanalına verdiyi açıqlamasında deyib.

"Səudiyyə Ərəbistanı ilə İran arasında vasitəçiliyimizi davam etdiririk və görüşlər davam edir, lakin nəticələr onların əlindədir", deyə İraq prezidenti bildirib.

Qeyd edək ki, bundan öncə İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani iki ölkə arasında keçirilən beş tur danışıqlara işarə edərək, “İran və Səudiyyə Ərəbistanı arasında diplomatik əlaqələrin özünəməxsus məntiqi olduğunu”, deyib.

“Qonşu ölkələrlə əlaqələr İran üçün önəmli və prioritetdir. Buna görə də biz hər an Səudiyyə Ərəbistanı ilə diplomatik münasibətləri bərpa etmək üçün qapıları açıq qoymuşuq”, deyə Kənani bildirib ki, bu həm də Səudiyyə Ərəbistanının istəyindən asılıdır.