İran məhkəməsi Süleymaninin qətlinə görə ABŞ-ın 50 milyard dollar ödəməsini tələb edir

Tehran məhkəməsi təxminən 4 il əvvəl İranın yüksək rütbəli generalına qarşı sui-qəsdə görə ABŞ hökumətinin təqribən 50 milyard dollar təzminat ödəməsinə qərar verib. Bu barədə çərşənbə günü İranın ədliyyə sistemi məlumat yayıb.

Keçmiş ABŞ prezidenti Donald Tramp 2020-ci ilin yanvar ayının 3-də Bağdad Beynəlxalq Hava Limanı yaxınlığında 62 yaşlı general Qasım Süleymani və iraqlı leytenant Əbu Mehdi Əl-Mühəndisin pilotsuz təyyarə ilə öldürülmə əmri verib.

Bir neçə gün sonra İran buna İraqda Amerika və digər koalisiya qüvvələrinin yerləşdiyi bazalara raket zərbələri endirməklə cavab verib. Amerikalılar arasında ölənlər olmasa da, Vaşinqton onlarla insanın beyin travması aldığını bildirib.

İran məhkəmə sisteminin Mizan Online xəbər agentliyi Tehran məhkəməsinin 3300-dən çox iranlının iddiasına cavab olaraq, ABŞ hökumətini "maddi, mənəvi və cəzalandırıcı təzminat" kimi 49,7 milyard dollar ödəməyə məhkum etdiyini bildirib.

Mizan-ın bildirdiyinə görə, məhkəmə Tramp, ABŞ hökuməti, keçmiş dövlət katibi Mayk Pompeo və keçmiş müdafiə naziri Mark Esper də daxil olmaqla, 42 fiziki və hüquqi şəxsi təqsirli bilib.

Süleymani İslam İnqilabı Keşikçiləri Korpusunun xarici əməliyyatlar qolu olan "Qüds" qüvvələrinə komandanlıq edirdi.

Ölkənin ən məşhur ictimai xadimlərindən biri olan və İranın Yaxın Şərq əməliyyatlarına rəhbərlik edən Süleymani 1980-88-ci illər İran-İraq müharibəsinin qəhrəmanı sayılırdı.

İran məhkəmələri hazırda ABŞ əleyhinə bir neçə qərar çıxarıb.

Keçən ay İran məhkəməsi ABŞ hökumətinin 1980-ci ildə ABŞ səfirliyində saxlanılan girovların azad edilməsi üzrə uğursuz əməliyyatın qurbanlarına 420 milyon dollar təzminat ödəməsinə qərar verib.

Avqust ayında Tehran məhkəməsi Vaşinqtondan 1980-ci ildə yenicə formalaşmış İslam Respublikasına qarşı "çevriliş planlaşdırdığına" görə 330 milyon dollar təzminat ödəməsini tələb edib.

Bu iddialar ABŞ məhkəmələrinin Tehrana qarşı bir sıra çoxmilyardlı təzminat qərarlarından sonra irəli sürülüb.

2016-cı ildə ABŞ Ali Məhkəməsi dondurulmuş İran aktivlərinin 1983-cü ildə Beyrutda ABŞ Hərbi Dəniz Piyadaları kazarmasının bombalanması və 1996-cı ildə Səudiyyə Ərəbistanında törədilmiş partlayış da daxil olmaqla, Vaşinqtonun Tehranı günahlandırdığı hücumların qurbanlarına ödənilməsinə qərar verib.

Tehran hücumlara görə məsuliyyəti rədd edib.

 

Amerikanın Səsi