Göyçayın məşhur tarixi abidəsi: 135 yaşlı yeraltı hamam məhv olmaq üzrədir

Göyçay rayonunun ən qədim tarixi abidəsi olan "Yeraltı hamam" abidə kompleksi məhv olmaq təhlükəsi ilə üzləşib. Uzun illərdir baxımsız vəziyyətdə qalan abidə demək olar ki, aidiyyəti qurumlar tərəfindən unudulub. Otuz ildən çoxdur baxımsız vəziyyətdə qalan bu memarlıq nümunəsinin bərpası bir neçə ildir nəzərdə tutulsa da, əməli olaraq hələ ki, heç bir lazımi tədbir görülməyib.

"Report"un Yuxarı Şirvan bürosunun əməkdaşı, həmin abidəyə baş çəkib və kompleksdəki mənzərə ilə tanış olub.

Məlum olub ki, abidə kompleksinin vəziyyəti heç də ürəkaçan deyil və buranın təmirə ehtiyacı kifayət qədər çoxdur. Çünki təmir olunmadığı hər gün abidənin məhv olması bir qədər də yaxınlaşır.

Bundan əlavə, abidənin qarşısı zibil tullantılarının toplandığı yerə çevrilib. Hazırda damında və divarlarında böyük çatlar əmələ gələn abidənin uçmaq təhlükəsi yaranıb. Müşahidələrimiz onu deməyə əsas verir ki, burada vaxtında təmir və bərpa işləri görülməzsə, yaxın vaxtda abidə tarixə qovuşacaq.