"Formula 1" daha 3 il Azərbaycanda keçiriləcək

Fevralın 5-də Bakı Şəhər Halqası ilə "Formula-1" Şirkətlər Qrupu arasında Azərbaycan Qran-prisinin keçirilmə müddətinin uzadılmasına dair yeni müqavilə imzalanıb.
 
"Report" xəbər verir ki, bununla bağlı təşkil olunan tədbirdə gənclər və idman naziri Azad Rəhimov bildirib ki, yeni sözləşmənin müddəti 2023-cü ilə qədər nəzərdə tutulub. Əvvəlki anlaşma 2020-ci ilədək idi.
 
Daha sonra tərəflər arasında rəsmi müqavilə bağlanılıb. Müqaviləyə A.Rəhimovla "Formula-1 Group" şirkətinin baş icraçı direktoru Çeyz Kerri imza atıb.
 
Yeni müqavilənin detalları açıqlanmır.
 
Builki yarışlar 28-30 aprel tarixləri arasında keçirilməlidir.
 
Azərbaycan Qran-prisi 2016-cı ildən "Formula-1"in təqviminə daxil olub. Buna qədər bu yarışlar Azərbaycanda 2016, 2017 və 2018-ci illərdə keçirilib. Bu yarışların, razılaşmaya əsasən, Azərbaycanda 2019 və 2020-ci illərdə də təşkil ediləcəyi açıqlanmışdı. Azərbaycan rəsmilərinin bildirməsinə görə, əvvəlcədən razılaşdırılmış bu haldan imtina edərlərsə, ölkəni 50 milyon dollar cərimə gözləyirdi.
 
Ancaq rəsmilər "Formula-1" yarışlarına nə qədər xərc çəkildiyini bütün detallarına qədər açıqlamırlar. Azərbaycan müxalifəti baş verənləri şəffaflığın olmaması və israfçılıq sayır.