“El Klasiko”da rekordlar qeydə alınıb

“Barselona” və “Real” arasına keçirilən İspaniya Superkuboku oyununda rekord qeydə alınıb.

Operativtv.com Reporta istinadən xəbər verir ki, komandasının 3:1 hesabı ilə qalib gəldiyi görüşdə meydana çıxan “Barselona”nın futbolçusu Serxio Buskets “El Klasiko”ların ən çox iştirakçısı rekordunu təkrarlayıb.

Kapitan əzəli rəqiblərin duellərində 45 dəfə iştirak edib. O, hazırda Fransanın PSJ klubunda çıxış edən Lionel Messi və Serxio Ramosun rekorduna çatıb.

Superkuboku 14-cü dəfə muzeyinə aparan “Barselona” öz rekordunu yeniləyib. “Real” 12 qələbə ilə kataloniyalıları izləyir.

“Real”ın baş məşqçisi Karlo Ançelotti isə 2010-cu ildən bəri ilk dəfə finalda məğlub olub. İtaliyalı mütəxəssisin son 13 ildə çalışdırdığı komandalar finalda heç vaxt uduzmayıblar. O, bu müddətdə “Real”, “Çelsi” (İngiltərə) və “Bavariya” (Almaniya) ilə iştirak etdiyi turnirlərin finallarında məğlubiyyət üzü görməyib.

Superkubokun finalında madridlilərin yeganə qolunun müəllifi olan Kərim Benzema “Barselona” ilə qarşılaşmalarda 13-cü dəfə fərqlənməyi bacarıb. Bununla fransalı “El Klasiko”nun bombardirləri sıralamasında 8-ci pilləyə yüksəlib. Bu baxımdan rekordçu 26 qolla “Barselona”nın sabiq kapitanı Lionel Messidir.