Dövlət Departamenti Soçi görüşünə qiymət vermir, lakin Bakı və Yerevanla danışıqları davam etdirəcək

Dövlət Departamenti Ermənistan və Azərbaycan arasında danışıqlara yardımçı olmaq üçün Bakı və Yerevanla əlaqələri davam etdirəcək, Turan-ın Vaşinqton müxbiri bildirib.

"Dövlət katibi Blinken bunu dəfələrlə, o cümlədən Nyu-Yorkda iki xarici işlər nazirilə görüşündə ​​də vurğulayıb. Biz Ermənistan-Azərbaycan sülhünə və iki ölkə arasında danışıqlara sadiqik", - Dövlət Departamentinin mətbuat katibi Ned Prays brifinqdə Turan-ın suallarını cavablandırarkən deyib.

"Biz hesab edirik ki, birbaşa dialoq problemlərin həlli və davamlı sülhə, yaxın aylarda hər iki ölkənin öz tərəfdaşları ilə birlikdə və digər təşkilatların iştirakı ilə can atdıqlarını bəyan etdikləri sülhə nail olmaq üçün açardır”.

Praysın şərhləri Rusiya lideri Vladimir Putinin çoxdankı münaqişəni nizamlamağa cəhd etmək üçün Soçidə Ermənistan və Azərbaycan liderlərini qəbul etdikdən sonra səslənib.

Öz növbəsində Dövlət Departamenti Soçi görüşünün nəticələrinə dair heç bir qiymət verməyib: "Biz bu görüşün iştirakçısı olmamışıq. Onun nəticələri barədə danışa bilmərik", - Prays Turan-ın müxbirinə deyib.

Ermənistan və Azərbaycan arasında davamlı sülhə nail olmaq üçün yaxın gələcəkdə dövlət katibi Blinkenlə xarici işlər nazirləri arasında telefon danışığı və ya görüşlərin olub-olmayacağı barədə suala Prays “məncə, hər şey masadadır” cavabını verib.