DİN: "Saatlıda rezin güllədən istifadə etmişik"

Saatlı rayonunun Orta Muğan və Nabatkənd kəndlərinin bir qrup sakini bu gün günorta saatlarında içməli su probleminə görə etiraz aksiyası keçiriblər və Bakı-Saatlı magistral yolunu bağlamağa cəhd ediblər.

Sosial şəbəkələrdə yayılan videolarda aksiya zamanı bir qrup etirazçı ilə polis əməkdaşları arasında qarşıdurmanın olduğu görüntülər əks olunub. Həmin görüntülərdə bir nəfərin yaralı vəziyyətdə yerə uzandığı görünür və atəş səsi eşidilir.

Daxili İşlər Nazirliyinin sözçüsü Elşad Hacıyev BBC Azərbaycancaya müsahibəsində Saatlı rayon polis əməkdaşlarının etirazçılarla söhbət apardığını, lakin bəzi aksiya iştirakçılarının “polisin qanuni tələbinə əməl etmədiyi üçün” onlara qarşı “yalnız xüsusi vasitələrdən, o cümlədən rezin güllələrdən” istifadə etdiyini bildirib.

Qurumun rəsmisi aksiya zamanı təxminən 12 nəfərin saxlandığını deyib.

BBC Azərbaycancaya danışan kənd sakinləri polislə toqquşma zamanı “aksiyaçılarından ən azı 3 nəfərin rezin güllələrdən yaralandığını və xəstəxanaya aparıldığını” qeyd ediblər.

Daxili İşlər Nazirliyi məsələ ilə bağlı araşdırmaların aparıldığını deyib.

Nə baş verib?

Saatlı rayonunun Orta Muğan və Nəbatkənd kənd sakinləri BBC Azərbaycancaya bildiriblər ki, uzun müddətdir içməli və suvarma suyu ilə bağlı yaranan problemlərə görə Saatlı rayon icra hakimiyyətinə dəfələrlə müraciət etsələr də, onların şikayətlərinə baxan olmayıb.

Aidiyyatı qurumların onların probleminə etinasız yanaşdığını görən sakinlər bu gün günorta saat 2 radələrində Bakı-Saatlı magistral yolunu bağlayaraq aksiya keçirməyə məcbur olublar, Nəbatkənd kəndinin sakini Tahir Həsənli BBC Azərbaycancaya bildirib.

Onun sözlərinə görə, Araz çayı hesabına kəndləri içməli və suvarma suyu ilə təmin edən Sol-Sahil kanal suyu fərdi əkin sahələrinə axıdıldığından 6-7 ildir kəndlilər pay torpaqlarını əkib-becərməkdə çətinlik çəkirlər.

“Nə içməyə, nə də əkin sahələrimizi suvarmağa su tapmırıq. 3 hektar sahəm var, arpa falan əkmişəm, hamısı susuzluqdan yanır. Fevralın 20-dən şikayət edirik, dərdimizi deyirik, məhəl qoymurlar”, - Tahir Həsənli deyib.

“Dolana bilmirik”

Gündəlik dolanışıqlarını pay torpaqlarını əkib-becərməklə təmin edən kəndlilər əkdikləri məhsulun zay olmamasını istəyirlər.

“Dolana bilmirik, əvvəllər suyu verirdilər, normal əkib-becərirdik, indi bir dəfə sahəmi sulamaq üçün gərək ən azı 200 manat pul verib traktor çağırım ki, motorla məhsulumu sulaya bilim, bu da sərf etmir”, - aksiyaçılardan biri BBC Azərbaycancaya deyib.

Ötən il də su problemi ilə bağlı etiraz aksiyası keçirdiklərini deyən kənd sakinləri onların tələblərinin yerinə yetirilmədiyi halda yenidən aksiya keçirəcəklərini bildiriblər.

Etiraz aksiyası ilə bağlı sosial şəbəkələrdə yayılan videolarda nümayişlərdə bir qrup etirazçı ilə polis əməkdaşları arasında qarşıdurmanın olduğu görüntülər əks olunub. Həmin görüntülərdə bir nəfərin yaralı vəziyyətdə yerə uzandığı görünür və atəş səsi eşidilir.

Daxili İşlər Nazirliyinin sözçüsü Elşad Hacıyev BBC Azərbaycancaya bildirib ki, müvafiq dövlət qurumlarının nümayəndələri ilə birlikdə əraziyə gələn Saatlı rayon polis şöbəsinin əməkdaşları etirazçılarla söhbətlər aparsalar da, “bir qrup şəxs polisin qanuni tələbinə əməl etməyərək ictimai asayişin pozulmasına yönəlik qanunsuz hərəkətlərini davam etdiriblər”.

Aksiya zamanı təxminən 12 nəfərin saxlanıldığını bildirən qurumun rəsmisi aksiya zamanı polisin qanuni tələbinə əməl etməyən şəxslərə qarşı “yalnız xüsusi vasitələrdən, o cümlədən rezin güllələrdən” istifadə edildiyini deyib.

Lakin DİN sözçüsü rezin güllələrin insanı o cür yaralamadığını və bu istiqamətdə araşdırmaların aparıldığını bildirib.