CPJ Abzas Media jurnalistlərinin həbsinin uzadılması ilə bağlı narahatlıq ifadə edib

Jurnalistləri Müdafiə Komitəsi (CPJ) Abzas Media xəbər saytının jurnalistlərinin həbs müddətinin uzadılması ilə bağlı narahatlıq ifadə edib.

Bakı şəhəri Xətai Rayon Məhkəməsi iyunun 10-da “Abzas Media” işi üzrə həbsdə olan araşdırmaçı jurnalist Hafiz Babalının həbs müddətinin 1 ay, jurnalist Elnarə Qasımovanın həbs müddətinin isə 2 ay uzadılmasına qərar verib.

İyunun 11-də jurnalist Nərgiz Absalamovanın, iyunun 12-də isə Abzas Media xəbər saytının direktoru Ülvi Həsənli, baş redaktoru Sevinc Vaqifqızı və direktor müavini Məhəmməd Kekalovun həbs müddəti Xətai Rayon Məhkəməsi tərəfindən daha üç ay uzadılıb.

“CPJ Azərbaycan hakimiyyətinin Abzas Medianın altı jurnalistinin əsassız həbsini bir daha uzatmasından dərin məyusdur və ittihamları tənqidi reportajlara görə qisas kimi pisləyir”, Jurnalistləri Müdafiə Komitəsinin Avropa və Mərkəzi Asiya üzrə proqram koordinatoru Gülnoza Said deyib.

Azərbaycan hakimiyyətini həbsdə olan bütün Abzas Media əməkdaşlarını dərhal azad etməyə və hazırda oxşar ittihamlarla üzləşən 13 jurnalistə qarşı ittihamları ləğv etməyə çağıran Gülnoza Said əlavə edib ki, “jurnalistlər Azərbaycanın Qərblə diplomatik çəkişmələrinin qurbanı olmamalıdırlar”.

Korrupsiya araşdırmaları ilə tanınan Abzas Media xəbər saytına qarşı təqiblər 2023-cü ilin noyabrında başlayıb. Saytın direktoru Ülvi Həsənli ötən il noyabrın 20-də saxlanılıb. Həmin gün onun evində və Abzas Medianın ofisində axtarış aparılıb və ofisdən 40 min avro pul tapıldığı iddia edilib.

Həsənli ilə eyni gündə saytın direktor müavini Məhəmməd Kekalov, növbəti gün isə Abzas Medianın baş redaktoru Sevinc Vaqifqızı saxlanılıb.

Daha sonra jurnalistlər Nərgiz Absalamova, Elnarə Qasımova və araşdırmaçı jurnalist Hafiz Babalı da həbs olunub.

Mayın 30-da isə “Abzas Media” işi üzrə iqtisadçı Fərid Mehralızadə saxlanılıb. İyunun 1-də Xətai Rayon Məhkəməsi iqtisadçı barəsində 3 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçib. Mehralızadə məhkəmədə təqsiri olmadığını və Abzas Media ilə heç bir işgüzar fəaliyyətinin olmadığını deyib.

Onların hamısına Cinayət Məcəlləsinin 206.3.2-ci (öncədən əlbir bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsi ilə ittiham verilib. Bu maddənin sanksiyasında 5 ildən 8 ilədək həbs cəzası nəzərdə tutulub.

Jurnalistlər ittihamları rədd edir və özlərini təqsirli bilmirlər. Abzas Media həbslərin “ölkə prezidentinin və onun təyin etdiyi məmurların korrupsiya cinayətləri ilə bağlı silsilə araşdırmalar”la bağlı olduğunu bildirib.

İş üzrə bir sıra vətəndaş cəmiyyəti nümayəndəsi və jurnalist müxtəlif vaxtlarda Bakı Şəhər Baş Polis İdarəsində şahid qismində dindiriliblər.

Bugünədək bir sıra beynəlxalq mətbuat azadlığı və insan hüquqları təşkilatları Azərbaycan hakimiyyətini saxlanan jurnalistləri dərhal azad etməyə, müstəqil mediaya təzyiqləri dayandırmağa çağırıblar.

Rəsmi Bakı Azərbaycanda fikir və mətbuat azadlığının hədəf alınması, jurnalistlərin əsassız həbsi ilə bağlı ittihamları rədd edir və Azərbaycanda fundamental hüquq və azadlıqların, eləcə də media azadlığın “tam olaraq” təmin edildiyini vurğulayır.

Azərbaycan prezidenti İlham Əliyev aprel 27-də Berlində Almaniya kansleri Olaf Şoltsla birgə mətbuat konfransında qeyd edib ki, Azərbaycanda media azadlığı təmin edilir və jurnalistlərin həbsi qanunvericiliyə uyğun şəkildə həyata keçirilib.

“Bir müddət bundan əvvəl xaricdən qanunsuz maliyyələşən bəzi media orqanlarının nümayəndələri istintaq orqanları tərəfindən saxlanılıb. Bu da Azərbaycan qanunvericiliyinə tam uyğun şəkildə aparılıb”, İlham Əliyev deyib.

Azərbaycan Sərhədsiz Reportyorların (RSF) 2024-cü il mətbuat azadlığı indeksində 180 ölkə sırasında 164-cü yerdə qərar tutub.

 

AmerikanınSəsi