Cəbhəçi barədə qərarı Ali Məhkəmə ləğv etdi

Almaniyadan Azərbaycana deportasiya ediləndən az sonra narkotik ittihamı ilə həbs olunan siyasi fəallardan biri – Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Pünhan Kərimli haqqında hökmə yenidən baxılacaq. Mayın 16-da Ali Məhkəmədə bu barədə qərar çıxarılıb.

Rəşad Abdulovun sədrlik etdiyi hakimlər kollegiyası belə nəticəyə gəlib ki, aşağı instansiya – apellyasiya məhkəməsi Kərimlinin işini düzgün araşdırmayıb. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin qərarı ləğv olunub, bu iş təkrar araşdırılması üçün həmin məhkəməyə qaytarılıb.

AXCP üzvü haqqında cinayət işinin materiallarında iddia olunur ki, Kərimli saxlanılarkən onun cibindən külli miqdarda narkotik tapılıb. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il azadlıqdan məhrum edilib. Apellyasiya məhkəməsi isə bu müddəti 5 ilə endirib.

Şərləndiyini deyir

Cinayət Məcəlləsinin 234.4.3 (satış məqsədilə külli miqdarda narkotik əldə etmə, daşıma, saxlama) maddəsi ilə təqsirləndirilən AXCP üzvü bu ittihamın saxta olduğunu, siyasi baxışlarına görə şərləndiyini deyir. Onun sözlərinə görə, hökumətin ünvanına tənqidi fikirlərinə, Almaniyada olduğu dövrdə Azərbaycandakı siyasi məhbuslarla bağlı keçirilən etiraz aksiyalarında iştirak etdiyinə görə qayıdandan dərhal sonra bu yolla cəzalandırılıb: "Narkotik bəhanədir. Onsuz da kimi həbs etmək istəyirlər, cibinə narkotik atırlar. Əsl səbəb mənim siyasi baxışlarım, Azərbaycanda insan haqlarının pozulmasına görə Almaniyada keçirilən etiraz aksiyalarında iştirak etməyimdir".

34-yaşlı Pünhan Kərimli 2021-ci ilin noyabrında Almaniyadan deportasiya edilib, 2022-ci il yanvarın 25-də həbs olunub. O, saxlanılarkən və ondan sonra polis idarəsində işgəncələrə məruz qaldığını bildirib.

"Hətta zorlanmaqla təhdid olunub"

Ali Məhkəmənin qərarını AzadlıqRadiosuna şərh edən atası Vahid Kərimov deyir ki, əgər oğlu azadlığa buraxılsaydı, bu halda, qərar onu qane edərdi: "İl yarımdır ki, heç bir cinayət törətmədiyi halda, oğlum cəza çəkir. O, çox ağır işgəncələrə məruz qalıb, hətta zorlanmaqla təhdid olunub. Ona heç bir aidiyyəti olmayan narkotiki boynuna götürməyə məcbur olub. Belə qansızlıq, belə vicdansızlıq olar?!".

2021-ci ilin sentyabrından bu yana Almaniyadan deportasiya edilən beş nəfər siyasi fəal həbs olunub. Onların əksəriyyətinə qarşı narkotik ittihamı irəli sürülüb. Lakin mühacirlərin hamısı ittihamları rədd edib, Almaniyadakı etiraz aksiyalarında iştiraklarına, sosial şəbəkələrdəki tənqidi paylaşımlarına görə şərləndiklərini bildiriblər.

 

Azadlıq Radiosu