Bu şirkətin şor və pendirini yemək təhlükəlidir - Əhaliyə rəsmi xəbərdarlıq

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məşhur şirkətin məhsullarında bakterioloji çirklənmə faktı aşkar edib.

AQTA-dan verilən məlumata görə, agentliyin mütəxəssisləri tərəfindən həyata keçirilən qida təhlükəsizliyi üzrə yoxlama tədbirləri çərçivəsində "BMS Aqro” MMC tərəfindən istehsal olunmuş və satış şəbəkələrində "Ketchi” əmtəə nişanı altında satılan "Qarabağ motal pendiri” və şor məhsulundan müayinələr üçün nümunələr götürülüb və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına göndərilib. Aparılan müayinələr nəticəsində həmin məhsullarda bakterioloji çirklənmə faktı aşkar olunub.

Qeyd olunanları nəzərə alaraq, Qida Təhlükəsizliyi Agentliyi tərəfindən "BMS Aqro” MMC-yə "Ketchi” əmtəə nişanı altında satılan "Qarabağ motal pendiri” və şor məhsulunun ticarət şəbəkələrindən yığışdırılması, istehsalının dayandırılması ilə bağlı xəbərdarlıq edilib.