Benzin gömrük rüsumundan azad edildi

Nazirlər Kabineti “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edib.

Oxu.Az xəbər verir ki, Baş nazir Novruz Məmmədovun imzaladığı müvafiq qərara əsasən, Azərbaycana idxal edilən 92 və ya daha çox, həmçinin, 95-dən az oktan ədədi ilə avtomobil benzini növləri üçün gömrük rüsumu 15-dən 0 faizə endirilib.

Bu qərar 2019-cu il sentyabrın 1-dən tətbiq olunur və 90 gün müddətində qüvvədədir.

Bundan başqa, "Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri"ndə də dəyişiklik edilib.

Dəyişikliyə əsasən, 90 gün müddətində tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan, 95-dən az oktan ədədi ilə və tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox, 95-dən az oktan ədədi ilə mühərrik benzinləri (aviasiya benzinləri istisna olmaqla) üçün aksiz dərəcəsi 1 tona görə 200 manatdan 1 manata endirilib.

Bu qərar da sentyabrın 1-dən tətbiq olunacaq.