Bal yarmarkası baş tutmadı

Bu gün, oktyabrın 5-də başlayacağı bildirilən bal yarmarkası təxirə salınıb.
 
Kənd Təsərrüfatı Nazirliyi bununla bağlı məlumat yayıb.
 
«Oktyabrın 5-dən 28-dək Tofiq Bəhramov adına Stadionunun ərazisində keçirilməsi nəzərdə tutulan arıçılıq məhsullarının növbəti respublika sərgi-satış yarmarkası təxirə salınıb», - nazirliyin açıqlamasında yazılır.
 
Qurum bildirir ki, bal yarmarkasının açılış mərasiminin təxirə salınması qərarı hava şəraitinin kəskin şəkildə dəyişməsi ilə əlaqədar vətəndaşların və yarmarka iştirakçılarının rahatlığı nəzərə alınaraq qəbul edilib. Açılış barədə əlavə məlumat veriləcək.
 
«Turan» agentliyinin məlumatına görə isə, yarmarka məqsədilə quraşdırılmış çadırlar uçub.
 
Xəbərdə vurğulanır ki, bir aya yaxın davam edəcək yarmarkanın keçiriləcəyi səyyar tikililər quraşdırılarkən hava amili nəzərə alınmayıb.