Bakı küçələrini daha yaşlı qadınlar yox, bu maşınlar süpürəcək

Bu günlərdə Bakı Şəhər İcra Hakimiyyətindən paytaxt küçələrinin xüsusi texnika vasitəsilə təmizlənəcəyi ilə bağlı məlumat daxil olmuşdu. Həmin texnika indiyə qədər küçələrdə təmizlik işləri aparan süpürgəçi qadınları əvəzləyəcək.

Son dövrlər yol təmizləyən qadınların sürətlə şütüyən avtomobillər tərəfindən vurulması hallarına tez-tez rast gəlinirdi. Sonuncu belə hadisə ötən həftə Nəsimi rayonunda baş vermişdi. Təxminən 55-60 yaşında qadın yol kənarını təmizləyərkən vurulmuşdu. Paytaxt rəhbərliyi belə halların qarşısını almaq üçün bir sıra addımlar atmağa başlayıb. Prezident İlham Əliyevin göstərişi ilə meriya tərəfindən xüsusi proqram hazırlanır və onun icrasından sonra yollarda zibilin yığışdırılması tamamilə avtomatlaşdırılacaq.

Virtualaz.org xəbər verir ki, Rusiyanın “Yaroslaviç” İstehsalat Müəssisəsi “KDM76-15” “Yaroslaviç” 5 ədəd kommunal-yol maşınlarının növbəti partiyasını ötən gün Azərbaycana yola salıb. “KamAZ-65115” şassisində quraşdırılmış bu maşınlar möhkəm örtüklü asfalt yollarda xidmət üçün nəzərdə tutulub və heç bir mövsümi məhdudiyyətləri yoxdur. Onlar həm şəhər, həm də şəhərətrafı yollarda istifadə oluna bilər.

Qış aylarında bu texnika vasitəsilə şəhər küçələrini qardan təmizləmək mümkündür. Həmçinin yeni texnika ilə yola duz və maye səpmək olar. Yay aylarında isə yolların süpürülməsi, səkilərin, yol nişanlarının yuyulması, yol təmiri zamanı asfalt hissələrinin daşınmasında istifadə oluna bilər.

Bütün zəruri avadanlıqla təchiz edilmiş texnika sınaqlardan keçirilib və istismara tam hazırdır.