Azərbaycanda təhsil alan əcnəbilərin sayı açıqlanıb

Azərbaycanda 2018-2019-cu tədris ilində ali təhsilin bütün səviyyələri üzrə təhsil alan əcnəbilərin sayı 86 ölkədən olmaqla 6004 nəfər təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 17 faiz artım deməkdir.
 
Bu barədə Təhsil Nazirliyinin tədris ilinin yekunu ilə bağlı hesabatında bildirilib.
 
Qeyd olunub ki, Prezidentin sərəncamına əsasən, dövlət hesabına maliyyələşən təqaüd yerlərinin sayı bu il martın 1-dən 16 min vahid artırılıb, təqaüd alan tələbələrin sayı 2019-2020-ci tədris ilində 45 faizə, 2020-2021-ci tədris ilindən başlayaraq isə 50 faizdən az olmayan səviyyəyə çatdırılması nəzərdə tutulub.
 
Bununla yanaşı, doktorantlara, ali, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin AMEA-nın magistratura səviyyəsində təhsil alan tələbələrə verilən təqaüdlərin məbləği də orta hesabla 20 faiz artırılıb, bu tədbirlər 110 mindən çox tələbəni və doktorantı əhatə edib. Hazırda universitetlərdə tələbələrin 42 faizi, kolleclərdə 41 faizi, peşə təhsili müəssisələrində 81 faizi təqaüdlə əhatə olunub.
 
Eyni zamanda, I və II dərəcə əlilliyi olan, habelə, sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərin təhsil haqqı xərclərinin dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi barədə ölkə Prezidentinin sərəncamı imzalanıb. Hazırda ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, eləcə də orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təqribən 2500 nəfər əlilliyi olan şəxs təhsil alır.