"Azərbaycanda insan hüquqları ilə bağlı artan böhran" adlı hesabat yayılıb

Norveç İnsan Hüquqları Evləri Fondu "Azərbaycanda insan hüquqları ilə bağlı artan böhran" adlı hesabat yayıb. Sənəddə diqqət COP29 ərəfəsində ölkədə hakimiyyətin tənqidçilərinə qarşı repressiyalarının artmasına yönəldilib.

"2023-cü ildən başlayaraq Azərbaycan hakimiyyəti hüquq müdafiəçilərinə, vəkillərə, müstəqil jurnalistlərə, müxalifətyönlü siyasətçilərə, vətəndaş cəmiyyəti fəallarına və alimlərə qarşı amansız repressiyaları artırıb. İşgəncələr və amansız rəftar geniş yayılıb və məhbusların çoxu azadlıqdan məhrumetmə yerlərində pis rəftardan şikayətlənir.

Repressiyalar müstəqil vətəndaş cəmiyyəti təşkilatlarının və KİV-lərin fəaliyyəti üçün olduqca məhdudlaşdırıcı hüquqi mühitlə birlikdə özgəfikirliliyin və qanuni hüquq-müdafiə fəaliyyətinin bütün formalarının aradan qaldırılması təhlükəsi yaradır. Bu, qarşıdan gələn COP29 iqlim konfransı və artıq keçirilmiş və ATƏT DTİHB-nin seçki müşahidə missiyasının "rəqabətsiz, məhdudlaşdırıcı şəraitdə keçirilən və demokratik standartlara uyğun olmayan" kimi xarakterizə etdiyi növbədənkənar prezident və parlament seçkiləri kontekstində baş verir", hesabatda qeyd edilir.

Sənəddə hakimiyyətin tənqidçilərinin həbsilə bağlı konkret faktlar göstərilir.

Əsasən hüquq müdafiəçisi Anar Məmmədlinin, iqtisadçı-alim Qubad İbadoğlunun, “Toplum” TV, “Abzas Media” və “Kanal-13” işləri üzrə həbs olunmuş jurnalistlərin və fəalların işlərinə diqqət yetirilir.

Bundan əlavə, araşdırmada Həmkarlar İttifaqı fəalları Afiyəddin Məmmədov, Möhyəddin Orucov, Elvin Mustafayev, gənc araşdırmaçılar İqbal Əbilov və Bəhruz Səmədovdan bəhs olunur.

İnsan Hüquqları Evləri Fondu "beynəlxalq birliyə əsas tövsiyələri" irəli sürüb.

Əsasən, COP29 ərəfəsində və tədbirdə iştirak zamanı insan hüquqları məsələlərinin Azərbaycan hakimiyyəti qarşısında qaldırılmasına çağırış yer alır.

Hesabatda deyilir: "Beynəlxalq birlik Azərbaycan hakimiyyətindən aşağıdakıları tələb etməlidir:

- Qanunsuz həbs edilmiş bütün şəxsləri dərhal və qeyd-şərtsiz azad etmək, onların mülki və siyasi hüquqlarının tam bərpasına və Azərbaycanda tənqidi əhval-ruhiyyəli şəxslərə qarşı təqiblərə son qoyulmasına nail olmaq.

- Qeyri-hökumət təşkilatları və KİV haqqında məhdudlaşdırıcı qanunvericiliyi ləğv etmək.

- COP29-un keçirilməsilə bağlı Birləşmiş Millətlər Təşkilatı və Azərbaycan arasında sazişi dərc etmək."

Həmçinin azərbaycanlı siyasi məhbuslarla görüşün, saxlanılan hüquq müdafiəçilərinin və jurnalistlərin işlərinin ictimai müzakirəsinin, saxlanılan hüquq müdafiəçilərinin və jurnalistlərin ailələrilə görüşün, KİV-də çıxışlar zamanı Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyətin müzakirəsinin tələb edilməsinin vacibliyi qeyd olunur.

Bundan əlavə, hesabat müəllifləri Bakıdakı diplomatik icmasının siyasi məhbusların işlərinin müzakirəsinə və Azərbaycanda mülki məkana təsir edən qanunvericiliyin təkmilləşdirilməsinə cəlb olunmasını zəruri hesab edirlər.

Rəsmi Bakı jurnalistlərə və fəallara qarşı cinayət işlərinin siyasi motivli olduğuna dair fikirlərin “kökündən yanlış və qəbuledilməz” olduğunu bəyan edir. Dövlət rəhbərləri ölkədə fundamental hüquqların tam təmin edildiyini, insanların iradəsinə və fikirlərinə görə təqib edilmədiyini bildirir.

 

AmerikanınSəsi