Azərbaycan ərazisindən tranzit yükdaşımaların həcmi 75 faiz artıb

2021-ci illə müqayisədə 2022-ci ildə Azərbaycan ərazisindən keçən tranzit yükdaşımaların (dəmir yolu, dəniz və avtomobil) ümumi həcmi 75 faiz artaraq 10.7 milyon tona çatıb.

Bu barədə noyabrın 23-də rəsmi mediada dərc olunmuş “Azərbaycan ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin tranzit potensialının artırılmasına və tranzit yükdaşımaların təşviqinə dair 2024−2026-cı illər üçün fəaliyyət planı”nda deyilir.

Fəaliyyət planına görə, Azərbaycanda nəqliyyat infrastrukturunun müasir tələblərə uyğunlaşdırılması və tranzit potensialının daha da gücləndirilməsi məqsədilə iri infrastruktur layihələri reallaşdırılıb, Azərbaycanın regionun nəqliyyat-logistika mərkəzinə çevrilməsi istiqamətində mühüm işlər görülüb.

"Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərində vacib infrastruktur obyektləri olan Bakı Beynəlxalq Dəniz Ticarət Limanının, Bakı−Tbilisi−Qars dəmir yolu xəttinin, Astara dəmiryol terminalının, Astaraçay üzərində dəmir yolu və avtomobil yolu körpülərinin, eləcə də Rusiya ilə dövlət sərhədində Samur çayı üzərində avtomobil yolu körpüsünün və beynəlxalq əhəmiyyətli avtomobil yollarının yenidən qurulması tədbirləri həyata keçirilib”.

Sənəddə deyilir ki, 2022-ci ilin ikinci yarısından fəaliyyətə başlayan Əməliyyat Qərargahının gördüyü işlər sayəsində 2022-ci ilin 1-ci rübü ilə müqayisədə Bakı Beynəlxalq Dəniz Ticarət Limanında (BBDTL) qeyri-əməliyyat vaxtının 60 faiz azaldılması, bərələrin orta körpü və emalı vaxtının 50 faiz azaldılması, BBDTL və Poti (Batumi) limanları arasında vaqonların geridönüş vaxtının 50 faiz azaldılması, Xəzər dənizinin Azərbaycana, Qazaxıstana və Türkmənistana məxsus limanlarında (müvafiq olaraq, BBDTL, Aktau, Kurık və Türkmənbaşı limanları) konteyner sıxlığının aradan qaldırılması, yük axınlarının intensivliyi və hərəkət vektorunun öncədən müəyyən edilməsi təmin olunub.

“Azərbaycanın hədəfi mövcud infrastrukturun təkmilləşdirilməsi, tranzit daşımalar zamanı sərhədkeçmə müddətinin minimuma endirilməsi yolu ilə Azərbaycan ərazisindən daşınan tranzit yükdaşımalarının həcminin 2024−2026-cı illər ərzində 2022-ci ilə nisbətən 27 faiz artırılaraq 10.7 milyon tondan 13.6 milyon tona çatdırılmasıdır”, fəaliyyət planında deyilir.

 

Rusiya-Ukrayna müharibəsi başalayandan sonra Azərbaycandan keçən Şərq-Qərb (Avropa-Qafqaz-Asiya və ya Orta Dəhliz) və Şimal-Cənub nəqliyyat dəhlizlərinə maraq artıb.

Orta dəhliz - Çindən Türkiyəyə və eləcə də Avropa ölkələrinə və əks istiqamətdə yük daşımalarını nəzərdə tutur.

Belə ki, TRACECA (Transport Corridor Europe-Caucasus-Asia) Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi Müstəqil Dövlətlər Birliyinə göstərilən texniki yardım (TASİS) çərçivəsində xüsusi bir layihədir. O, Avropa İttifaqının dəstəyi ilə həyata keçirilir. Layihə 1993-cü ilin mayında Brüsseldə keçirilən konfransda 8 ölkənin (5 Mərkəzi Asiya, Qazaxıstan və 3 Qafqaz respublikası) iştirakı ilə qəbul edilib.

TRACECA, həmçinin maraqları bir araya gətirmək, qarşılıqlı və faydalı əməkdaşlığın qurulmasının optimal yollarını tapmaq, o cümlədən Avropa, Qara dəniz, Qafqaz, Xəzər dənizi və Asiya regionlarında iqtisadi əlaqələri, ticarət və nəqliyyat kommunikasiyalarını inkişaf etdirmək üçün sabit platformadır.

Hindistan, Pakistan, İran, Azərbaycan, Rusiya və Şimali Avropa ölkələrini birləşdirəcək Şimal-Cənub nəqliyyat dəhlizi haqqında razılaşmanın birinci aktı 12 sentyabr 2000-ci ildə Sankt-Peterburqda Rusiya, İran və Hindistan arasında imzalanıb. Sonrakı illərdə razılaşmanı bütovlükdə 13 ölkə imzalayıb və müvafiq olaraq ratifikasiya edib. Bunlar Azərbaycan, Belarus, Bolqarıstan, Ermənistan, Hindistan, İran, Qazaxıstan, Qırğızıstan, Oman, Rusiya, Tacikistan, Türkiyə və Ukraynadır. Azərbaycan Şimal-Cənu" layihəsinə 2005-ci ildə qatılıb.

Dəhlizin yaradılmasında məqsəd Hindistandan Rusiyaya, eləcə də Şimali və Qərbi Avropaya gedən yüklərin çatdırılma müddətini azaltmaqdır. Hazırkı marşrut (Suveyş kanalı) üzrə çatdırılma vaxtı 45-60 gündür, Şimal-Cənub vasitəsilə 14-20 gün olması gözlənilir.