Azərbaycan hərbi qulluqçusu yaralanıb

Azərbaycanın rəsmi Azərtac agentliyinin məlumatına görə, Ermənistan tərəfindən sərhəddə atəşkə pozulub.

Agentliyin məlumatına görə, fevralın 12-də saat 13:37 radələrində Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonu istiqamətində yerləşən mövqeyindən Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Zəngilan rayonunun Kolluqışlaq kəndi ərazisində yerləşən mövqeyinə atəş açılıb.

Xəbərdə bildirilir ki, “təxribat nəticəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu yaralanıb":

“Hərbi qulluqçu helikopterlə ixtisaslaşmış tibb müəssisəsinə təxliyə edilib. Baş vermiş hadisə, o cümlədən qarşı tərəfdən atəşin aşılması anı videomüşahidə kameraları vasitəsilə qeydiyyata alınıb.”

Bu məlumata, hələlik, Ermənistan tərəfinin münasibəti bəlli deyil.

Xatırlatma

1990-cı illərin əvvəllərində Azərbaycanın Qarabağ bölgəsi və ətraf 7 rayonu işğal edilib.

2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona və Qarabağın bir hissəsinə nəzarətini bərpa edib.

Azərbaycan, Rusiya və Ermənistan arasında razılaşma ( 10 noyabr) ilə Laçın dəhlizinə və Qarabağda təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib.

Ötən il sentyabrın 19-20-də isə Bakı Qarabağda "lokal antiterror tədbirlər" elan edib. Yeravan bunu “etnik təmizlənmə” və “təcavüz” kimi dəyərləndirib.

Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.

Sentyabrın 28-də tanınmayan qurum faliyyətini dayandıracağını elan edib. Separatçı qurumun bir çox liderləri saxlanaraq Bakıya gətirilib.

Hələlik, Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalamayıb. Danışıqlar həm Rusiyanın, həm də Avropa İttifaqı Şuarasının ayrılıqda vasitəçiliyi ilə aparılıb.