AİHM-in yeni qərarına əsasən Azərbaycan hökuməti müxalif fəallara təzminat ödəməlidir

Avropa İnsan Hüquqları Məhkəməsi fevralın 22-də Azərbaycanla bağlı növbəti qərarını elan edib. Qərara əsasən, Azərbaycan dörd ərizəçiyə ümumilikdə 25 min avrodan çox təzminat ödəyəcək.
Məhkəmənin bu gün elan etdiyi qərar “İsaqov və başqaları Azərbaycana qarşı” işi üzrədir. Bu işdə Azərbaycan Xalq Cəbhəsi Partiyası fəalları Rasim İsaqov, Əli Abdullayev, Mübariz Abdulkərimov və Rauf Abdurəhmanlı azadlıq və toxunulmazlıq, ifadə azadlığı hüquqlarına müdaxilələrin qanunsuzluğundan, habelə, ədalətli məhkəmə araşdırmasının aparılmamasından şikayət ediblər.
Ərizəçilərdən Əli Abdullayev, Mübariz Abdulkərimov və Rauf Abdurəhmanlı həmçinin Konvensiyanın 18-ci maddəsinin pozuntusunu mübahisələndiriblər.
Məhkəmə məlumatlarına görə, Rasim İsaqovun işi müəyyən şüarların yazıldığı vərəqələr yayması səbəbindən saxlanılması və inzibati qaydada məhkum edilməsi ilə bağlı olub. O, 22 dekabr 2014-cü il tarixdə saxlanılıb və İnzibati Xətalar Məcəlləsinin 39.1-ci (seçkiqabağı və ya referendum üzrə təşviqatın aparılması qaydalarını pozma), 296-cı (xırda xuliqanlıq) və 310-cu (polisin qanuni göstərişə tabe olmama) maddələrinə əsasən beş sutkalıq inzibati həbs cəzasına məhkum edilib.
Rəsmi məlumatlarda İsaqovun bələdiyyə seçkilərinə bir gün qalmış “Hara gedirik?” yazılmış vərəqələr payladığı, vərəqələrin paylanmasını dayandırmasına dair polisin tələbinə tabe olmadığı, ünvansız söyüşlər söydüyü qeyd edilib.
Ərizəçi daxili məhkəmələr qarşısında iddia edib ki, onun payladığı vərəqlərdə seçkiqabağı təşviqatla bağlı heç bir məzmun olmayıb, söyüş söyməyib, polisə tabe olmamaq istiqamətində hər hansı hərəkət etməyib. Ancaq yerli məhkəmələr onun arqumentlərini nəzərə almayıb.

Ərizələrin kommunikasiyası zamanı hökumət Avropa Məhkəməsinə təktərəfli bəyannamə təqdim edərək müxalif fəalların Konvensiyanın 5, 6 və 10-cu maddələri üzrə qaldırdıqları pozuntuları etiraf edib və bu pozuntuları təzminat ödəməklə kompensasiya etməyi təklif edib. Məhkəmə hökumətin bəyannaməsini qəbul edib.

AİHM-in qərardadına görə, hökumət 3 ay ərzində ərizəçilərdən Rasim İsaqova 5800 avro, digər ərizəçilərin hər birinə 6000 avro təzminat ödəməlidir. Bundan əlavə ərizəçilərin hüquqi təmsilçisinə ümumilikdə 2 min avro ödənilməlidir. Ərizəçiləri Strasburq məhkəməsi qarşısında hüquqşunas Xalid Bağırov təmsil edib.