ABŞ-ın toxunulmaz güc olduğunu düşünənlər yanılırlar – Ayətullah Xamenei

 “Amerikanın toxunulmaz bir güc olduğunu düşünənlər, bu gün baş verənlərə nəzər salsınlar. Belə deyil, ABŞ-ın tamamilə müdafiəsiz olduğu ortaya çıxır.”

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, bunu İran İslam İnqilabının Ali lideri Ayətullah Seyid Əli Xamenei bu gün iranlı tələbələrlə görüşündə deyib.

İranda “13 Aban” tələbə günü və “Dünya hegemonluğuna qarşı mübarizə” günü ilə bağlı keçirilən görüşdə Ayətullah Xamenei ABŞ-ın ölkədə və regionda apardığı siyasətindən danışıb və onun toxunulmaz güc olduğunu səhv təsəvvür kimi dəyərləndirib.

İranda İslam İnqilabından sonra “cəsus yuvası” kimi tanınan ABŞ səfirliyinin iranlı tələbələr tərəfindən ələ keçirilməsinə işarə edən Ayətullah Xamenei hadisənin baş verdiyi “13 Aban” təcrübəsinin iranlı tələbələr üçün böyük əhəmiyyət kəsb etdiyini bildirib.

Ayətullah Xamenei Müsəddiq hökumətinin ABŞ tərəfindən devrilməsi təcrübəsindən danışaraq deyib:

"Amerikalılar oturub Müsəddiqə qarşı sui-qəsd hazırladılar və çevriliş etdilər; Qəribə çevriliş idi. Müsəddiq amerikalılara nikbin baxsa da, onlara güvənir, hətta onları bəyənirdi, Amerika hökumətinin ingilislərə qarşı ona dəstək verəcəyini düşünürdü. Amma Müsəddiqi arxadan bıçaqla vurdular. Müsəddiqi, ətrafını və hər kəsi həbs etdilər. Bəziləri sonradan edam edildi, bəziləri uzun illər həbs edildi."

Ayətullah Xamenei qeyd edib ki, ABŞ İranla problemlərin səfirliyin tutulmasından başladığını iddia edir, lakin ondan illər öncə İranda xalq tərəfindən seçilən hökuməti devirməsini qulaq ardına vurur.