"4000 şagirdin sinifdə qalması təhsil sistemi üçün narahatedicidir" - Nazir

"Ötən il Azərbaycanda 4000 şagirdin sinifdə qalması təhsil sistemi üçün narahatedici məqamdır".
 
Bunu Təhsil naziri Ceyhun Bayramov Yeni Azərbaycan Partiyasının mərkəzi qərargahında keçirdiyi mətbuat konfransında deyib.
 
Nazir bildirib ki, qanunvericilikdə şagirdlərin sinifdə saxlanılmasının xüsusi meyarları var: "Meyarlara əsasən orta ümumtəhsil məktəblərində şagirdin il ərzində 4 və daha çox fəndən davamiyyətsizliyi varsa, onda şagird sinifdə saxlanıla bilər. Fənlərin sayı 4-dən azdırsa, yay tapşırıqları verilir. Tapşırıqların nəticəsi olaraq tədris öncəsi onların bilikləri yenidən qiymətləndirilir və növbəti sinfə keçirilir".
 
Azərbaycanda 1 milyondan çox şagirdin təhsil aldığını deyən nazir qeyd edib ki, əgər sinifdə saxlanılan şagirdlərin sayı 4000-dən çoxdursa, deməli onlar bir çox fənlərdən proqramı mənimsəyə bilməyib, yaxud da üzrsüz səbəbdən uzun müddət dərslərdə iştirak etməyiblər.