4 hüquq müdafiəçisi saxlanılıb, 2-si həbs olunub

Martın 14-də Bakıda gün ərzində 4 müstəqil hüquq müdafiəçisini Baş Prokurorluğun əməkdaşları saxlayıb.

“Abzas Media”ya bu barədə onların yaxınları məlumat verib. Bildirilib ki, "Vətəndaş Hüquqları" İnstitutunun rəhbəri Bəşir Süleymanlı, "Hüquq və İnkişaf" İctimai Birliyinin rəhbəri Hafiz Həsənov, "Seçki Müşahidə Alyansı”nın rəhbəri Məmməd Məmmədzadə və "Media Hüququ" İnstitutunun koordinatoru Xalid Ağəliyev saxlanılıb.

Axşam saatlarında Hafiz Həsənov və Xalid Ağəliyev sərbəst buraxılıb. Məmməd Məmmədzadə və Bəşir Süleymanlıya qarşı isə Cinayət Məcəlləsinin 193-1.3.2-ci (Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma xeyli miqdarda törədildikdə), 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə), 313-cü (Vəzifə saxtakarlığı) maddələrilə ittiham irəli sürülüb.

Binəqədi rayon Məhkəməsinin qərarı ilə Bəşir Süleymanlı və Məmməd Məmmədzadə barəsində 3 ay 28 gün həbs qətimkan tədbiri seçilib.

2023-cü ilin noyabrından etibarən Azərbaycanda media və vətəndaş cəmiyyətinə qarşı son on ildə həyata keçirilən ikinci kütləvi repressiya başlayıb. Hüquq müdafiəçilərinin hesabatlarına görə, hazırda ölkədə 350-dən çox siyasi məhbus var.

Təqiblər çərçivəsində müstəqil jurnalistlər, hüquq müdafiəçiləri və müxalif fəallar ard-arda müxtəlif cinayət işləri üzrə istintaqa cəlb olunurlar. Saxlanılan şəxslər həbslərinin siyasi motivli, ittihamların isə saxta olduğunu bildirirlər.