“Xural TV"nin rəhbəri, jurnalist Əvəz Zeynallı vəfat edib

“Xural TV" internet televiziyasının rəhbəri, jurnalist Əvəz Zeynallı sentyabrın 28-də vəfat edib.

Bu barədə həmkarları sosial mediada məlumat yayıblar.

Əvəz Zeynallı uzun müddət onkoloji xəstəlikdən əziyyət çəkirdi.

Jurnalist sonuncu dəfə 2025-ci ilin aprelində səhhəti ilə əlaqədar həbsdən azad edilib. Nizami Rayon Məhkəməsi onkoloji xəstəliyi səbəbindən onun cəzasının qalan hissəsini çəkməkdən azad olunmasına qərar vermişdi.

Jurnalist 2022-ci ilin sentyabrında saxlanılmışdı. 2024-cü il fevralın 26-da Bakı Ağır Cinayətlər Məhkəməsi onu rüşvət alma, dələduzluq və digər ittihamlarla 9 il azadlıqdan məhrum etmişdi. Həmin ilin dekabrında Ali Məhkəmə cəzanı 2 ay azaltmışdı. Zeynallı ittihamları rədd edir, həbsini jurnalist fəaliyyəti ilə əlaqələndirirdi.

Əvəz Zeynallı bundan əvvəl də, 2011-ci il oktyabrın 28-də, o vaxt deputat olan Gülər Əhmədovanın şikayəti əsasında həbs edilmişdi. 2013-cü ilin martında rüşvət alma, vergidən yayınma və məhkəmə qərarını icra etməmə ittihamları ilə 9 il həbs cəzası alan jurnalist 2014-cü il dekabrın 30-da prezidentin əfv sərəncamı əsasında azadlığa buraxılmışdı. Hüquq müdafiə təşkilatları jurnalistin həbsini onun tənqidi yazıları ilə əlaqələndirirdilər.