Əvəz Zeynallının məhkəməsi: İstintaqın heç bir materialına inanmıram

Avqustun 11-də Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət almaqda ittiham olunan jurnalist Əvəz Zeynallının məhkəmə iclası keçirilib.

Prosesdə şahid qismində çıxış edən Çingiz Əmirov ifadəsində göstərib ki, 2008-ci ildən bəri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində işləyir:

“2008-ci ildən agentlikdəyəm. Hazırda isə AAYDA-nın İdarə heyətinin sədri Saleh Məmmədovun köməkçisi vəzifəsindəyəm. İstintaqdakı ifadəmdə də göstərmişəm ki, 2021-ci ildə mühafizə zəng edib Əvəz Zeynallının idarəyə gəldiyini xəbər verdi. Əlavə etdi ki, məhkəmə ilə bağlı məsələdi. Bizim agentlikdə belə məsələlərə hüquq şöbəsindən Şahbaz Qasımov nəzarət edir. Mən də Saleh Məmmədov işdə olmadığı üçün ona yönləndirdim. Təxminən 1 saat sonra Şahbaz Qasımovla əlaqə saxladım. Mənə dedi ki, Əvəz Zeynallı ilə danışdım, hər şey həll olundu. Bundan başqa heç bir şey soruşmadım”.

Çingiz Əmirovun sözlərinə görə, Əvəz Zeynallını heç vaxt görməyib:

“Əvəz Zeynallını yalnız jurnalist kimi tanımışam. “Xural tv”də AAYDA-nın fəaliyyəti ilə bağlı narazılıqların olduğu verilişi izləmişəm. Heç vaxt şəxsi ünsiyyətim olmayıb. Əvəz Zeynallıya pul verilməsi barədə xəbəri də istintaqda öyrənmişəm.

Çingiz Əmirov daha sonra Əvəz Zeynallının suallarını cavablandırıb. 

Əvəz Zeynallını vəkili Çingiz Əmirovun ifadəsinin Şahbaz Qasımovunku ilə eynilik təşkil etdiyini bildirib. 

Çingiz Əmirov:

“Nəyə desəniz and içərəm ki, Şahbaz Qasımovun ifadəsindən heç bir xəbərim yoxdur. Heç bura gələndə belə maraqlanmamışam. Sadəcə işdə eşidirdim ki, Əvəz Zeynallı “Xural TV”də 2 veriliş hazırlayıb. Həmin sujetlərdə agentliyin və Saleh Məmmədovun nüfuzuna xələl gətirən fikirlər səsləndirib”.

Əvəz Zeynallı istintaqın heç bir materialına inanmadığını açıqlayıb:
“Mən istintaqın heç bir materialına inanmıram. O giriş-çıxış tarixlərinin heç biri mənim üçün mötəbər deyil. Bunların hamısına azadlığa çıxanda qiymət verəcəm”.

Məhkəmə iclası avqustun 18-də davam edəcək.

 

Tolum tv