Tramp Qlobal Media Agentliyinin miqyasını kiçiltməsi barəsində fərman imzalayıb

AzadlıqRadiosunun Ağ evə istinadla yaydığı məlumatda deyilir ki, martın 14-də imzalanan fərmanda miqyasının kiçildilməsi planlanan təşkilatlar arasında ABŞ-ın Qlobal Media Agentliyi də (USAGM) yer alır.
Bu agentlik AzadlıqRadiosu və Amerikanın səsi də daxil xarici ölkələrə yayımlanan ABŞ KİV-lərinə nəzarəti həyata keçirir.
Böyük ixtisarların aparılması nəzərdə tutulan qurumlar arasında əmək mübahisələri, evsizlik və icma inkişafı ilə məşğul olan təşkilatlar da var. Fərmanda deyilir ki, bu qurumların hər birinin rəhbəri 7 gün ərzində ABŞ prezidenti administrasiyasındakı Menecment və Büdcə Ofisinin direktoruna hesabat təqdim etməlidirlər.
Həmin hesabatda onlar fərmana tam əməl etdiklərini təsdiqləməli, eyni zamanda sözügedən təşkilatların hansı struktur və funksiyalarının mövcud qanunlar çərçivəsində hansı miqyasda saxlanmalı, yaxud ümumiyyətlə saxlanmamalı olduğuna dair izahat verməlidirlər.
AzadlıqRadiosunun özü hələ ki, fəmana münasibət bildirməyib.
ABŞ-ın Qlobal Media Agentliyi müstəqil qurum olaraq 50-cən dildə hər həftə 360 milyonluq auditoriya üçün xəbər yayımının həyata keçirilməsinə nəzarət edir. Qurumun 2025-ci il üçün büdcəsi 950 milyon dollardır.
ABŞ Konqresində təsdiqlənməklə həmin vəsaiit qurumun cari xərcləri və əsaslı sərmayələri üçün ayrılır.
Agentlik Azad Asiya, Kubaya yayımlanan Marti Radiosu, Yaxın Şərq Yayım Şəbəkəsi (MBN) və Açıq Texnologiya Fondu kimi qurumlara da nəzarət edir.
Hakimiyyətə ikinci dəfə gəldikdən sonra hökumət xərclərini azaltmaq yönündə addımlar atan Trumpın, birinci prezidentlik dövründə Qlobal Media Agentliyi ilə redaksiya müstəqilliyi və proqram siyasəti ilə bağlı mübahisəsi də olmuşdu.
O, prezidentliyinin ikinci dövrünə başladıqdan sonra həmin narahatlıqlarını bir daha ifadə edib.
Qlobal Media Agentliyinin nəzarət etdiyi media qurumlarının dəstəkçiləri isə fərqli fikirdədirlər. Onlar bildirirlər ki, həmin KİV-lər ABŞ üçün vacibdir.