Səudiyyə Ərəbistanı Yəməndəki bir məktəbə üçüncü dəfə zərbə endirdi

Səudiyyə Ərəbistanının hərbi təyyarələri son 24 saat ərzində Yəmənin müxtəlif bölgələrinə 20-dən çox hava zərbəsi endirib. Bu əməliyyatlar zamanı bir məktəb üçüncü dəfə hədəf alınıb.

Səna mərkəzli "Saba" xəbər agentliyi məlumat verib ki, Səudiyyə təyyarələri Yəmənin Taiz şəhərinin şimal-qərbindəki Əl-Taiziyə rayonunda yerləşən "Əl-Ravda" məktəbini üçüncü dəfə hədəfə alaraq, binadan geriyə qalan hissəni tamamilə məhv edib.

"Saba" agentliyi bu səhər həmçinin bildirib ki, Səudiyyə Ərəbistanı Yəmənin şimalındakı Saada şəhərinin şərqində dörd raketdən istifadə etməklə növbəti hücumu həyata keçirib.

Məlumatlara görə, Səudiyyə Ərəbistanının Yəmənə hücumları davam edir. Yəmən Silahlı Qüvvələri bazar günü yaydığı bəyanatda bildirib ki, Səudiyyə təyyarələri 24 saat ərzində Yəmənin bir neçə əyalətində 20-dən çox hava zərbəsi endirib.

Qüvvələr əlavə edib ki, Səudiyyə Ərəbistanı Xamis Muşait bazasından qalxan F-15 qırıcı təyyarələri vasitəsilə Taiz, Əl-Cəvf, Mərib, Zəmar və Saada əyalətlərini hədəf alan 26 hava zərbəsi həyata keçirib.