Şeyxin qudası istintaqa aparıldı

Sabiq deputat Hacı Qalib Salahzadənin adı daha bir qalmaqallı işə qarışıb. Hacı Qalib Salahzadə bu dəfə də bağ sahəsini zəbt etməkdə, oradakı 3 mərtəbəli əmlakı yerlə bir etməkdə, ağacları sındırmaqda, dağlıq ərazidə qanunsuz söküntü işləri aparmaqda, sənədləri saxtalaşdırmaqda ittiham edilir.

Sabiq deputatın əməllərindən şikayətçi Azərbaycan vətəndaşı, Bakı sakini Seymur Quliyevdir. Onun şikayəti əsasında 3 ay əvvəl Baş Prokurorluqda əmlakının dağıdılması ilə bağlı cinayət işi başlanıb. İş materialları istintaq olunmaq üçün Daxili İşlər Nazirliyi İstintaq İdarəsinə göndərilib. Artıq iş üzrə Hacı Qalib Salahzadə ilə Seymur Quliyev arasında üzləşmə keçirilib. Seymur Quliyev istintaqa onun əmlakının məhz Hacı Qalib Salahzadə tərəfindən zəbt edilərək dağıdılmasını israrla bildirib, faktlar təqdim edib. 10-a yaxın şahid də Seymur Quliyevin dediklərinin təsdiq ediblər. Hacı Qalib Salahzadə isə deyib ki, həmin ərazi qardaşının istifadəsində olub. Seymur Quliyev Hacı Qalibin dediklərinin növbəti uydurma olduğunu bildirib.

Bu qalmaqallı olay haqda “Yeni Müsavat”ın 12 mart 2018-ci il tarixli sayında yazı dərc edilib. Seymur Quliyev bildirmişdi ki, özəl əmlakını Hacı Qalib Salahzadə hələ Milli Məclisin deputatı olduğu dövrdə zəbt edib.

Seymur Quliyev deyir ki, Hacı Qalib Salahzadə Milli Məclisin deputatı olduğu dövrdə vətəndaş olaraq onun mülkünü zəbt etməklə Azərbaycan Konstitusiyasını saymadığını ortaya qoyub: “Bu adam deyir ki, Bilgəhdə mənəm, Bağdadda kim istəyir olsun. Bilgəhdə Azərbaycan qanunlarının işləmədiyini Hacı Qalib Salahzadə əməlləri ilə sübut etməyə çalışır, mənim mülkümü zəbt etməklə 7 ildir ki, buna nail olub. Mən Azərbaycan dövlətini sabiq deputata qanunların gücünü göstərməyə, mənim vətəndaş olaraq pozulan mülkiyyət hüququmun bərpa edilməsinə çağırıram. Baş prokuror Zakir Qaralovdan, daxili işlər naziri Ramil Usubovdan xahiş edirəm bu işi öz nəzarətlərinə götürüb araşdırılmasını təmin etsinlər. 7 ildir ki, mən konstitusiyamızda təsbit olunan mülkiyyət hüququmu bərpa edə bilmirəm. Hacı Qalib Salahzadə məni öz mülkümdən daşa basmaqla qovub. 3 mərtəbəli evimi buldozerin qabağına verib dağıdıb. Hazırda mənim mülkümü dayanacaq kimi istifadə edir. Orada hovuz inşa etdirmişdim, dekorativ ağaclar əkdirmişdim, su quyusu vardı. 2 ev inşa etdirmişdim. Zor gücünə torpağım zəbt olunub, əmlakım darmadağın edilib. Mən Azərbaycan dövlətindən baş verən qanunsuzluğun qarşısının alınması üçün vətəndaş olaraq dəstək, kömək istəyirəm”.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.