Saxta əlilliyə görə verilən pullar həm vəzifəli şəxslərdən, həm də vətəndaşdan tutulacaq — RƏSMİ

Azərbaycanda 1055 nəfərə əsassız əlillik təyin edilməsi faktı aşkarlanıb və onların dərhal ləğv edilməsi həyata keçirilib. Bu barədə danışan əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev hazırda həmin şəxslərə ödənilən pulun geri qaytarılması ilə bağlı işlər görüldüyünü açıqlayıb. Nazirin bu açıqlaması sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Hamını maraqlandıran sual ödənilən pulun geri qaytarılması mexanizmilə bağlıdır. İctimaiyyət nümayəndələri illərlə ödənilən 10 minlərlə manat vəsaitin heç nəyi olmayan bir vətəndaşdan hansı şəkildə geri alınacağı ilə bağlı suallar ünvanlayıblar.

Modern.az məsələnin aktuallığını nəzərə alaraq, nazirliyə sorğu ünvanlayıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıobov modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, yanlış əlillik təyinatları ləğv edildikdən sonra həmin təyinatlar üzrə vətəndaşlara ödənilmiş vəsaitlərin geri qaytarılması mexanizmləri var:

"Bu, həm yanlışlığa yol vermiş vəzifəli şəxslər, həm də vətəndaşların özləri tərəfindən həyata keçirilir. Belə ki, yanlış əlillik təyinatına bilərəkdən yol verdiyi təsdiqini tapan vəzifəli şəxslərə həmin vəsaitlərin büdcəyə qaytarılması öhdəliyi tələb kimi qoyulur. Digər hallarda, yalnış əlilliyə görə pensiya və ya sosial müavinət almış şəxslərə ödənilmiş bu vəsaitləri büdcəyə qaytarmaları barədə rəsmi məktubla müraciət olunur. Əksər hallarda bu vəsaitlərin könüllü qaydada ya birdəfəlik, ya da hissə-hissə olmaqla büdcəyə qaytarılması təmin olunur. Bir sıra hallarda isə məhkəmə qaydasında bu məsələlər həll edilir və vəsaitləri qaytarmağa borclu olanların digər gəlirlərindən bu vəsaitlərin məcburi qaydada büdcəyə yönəldilməsi həyata keçirilir". 

Şöbə müdiri onu da bildirib ki, 2018-ci ilin IV rübündə I rüblə müqayisədə əlillik təyinatı 61%, I qrup təyinatlar isə 56% azalıb, əsassız təyinatlar ləğv edilərək, 3 milyon manat büdcə vəsaitinə qənaət edilib:

"Yanlış əlillik təyinatlarının ləğv edilməsi yalnız ötən dövr deyil, qarşıdakı dövr üçün də milyonlarla manat büdcə vəsaitinin ünvansız xərclənməsinin qarşısını alıb. Qeyd olunanlarla yanaşı, təyinatlarda qanunvericiliyin tələblərinin pozulması hallarına dair aidiyyatı sənədlər hüquqi qiymət verilməsi üçün prokurorluq orqanlarına təqdim edilib".