Rusiya AzadlıqRadiosunun jurnalistinin həbs müddətini uzadır

Rusiyanın Kazan şəhərində məhkəmə Azad Avropa/Azadlıq Radiolarının tatar-başqırd xidmətinin veteran jurnalisti Alsu Kurmaşevanın həbs müddətini uzadıb. Oktyabrın 18-dən həbsdə olan Kurmaşevanın saxlanma müddəti iki aylığa - fevralın 5-dək uzadılıb.

AzadlıqRadiosu üçün Praqada işləyən Kurmaşevanın ABŞ və Rusiya vətəndaşlığı var. O, mayda ailəsində təcili vəziyyətə görə Rusiyaya gedib. İyunun 2-də geri qayıdarkən Kazan aeroportunda saxlanılıb, hər iki pasportu müsadirə olunub. Pasportlarını gözlədiyi üçün o, Rusiyadan çıxa bilməyib.

Oktyabrın 11-də Kurmaşeva ABŞ pasportunu Rusiya rəsmi orqanlarında qeydiyyatdan keçirmədiyinə görə 10 min rubl (103 dollar) cərimələnib. Kurmaşeva oktyabrın 18-də saxlanılıb, "xarici agent" kimi qeydiyyatdan keçməməkdə ittiham olunub. Bu cinayətə görə maksimum 5 il həbs cəzası nəzərdə tutulur.

İstintaq Komitəsinin dedikləri

İstintaq Komitəsinin məlumatına görə, Kurmaşevanın ittiham olunduğu maddədə Rusiyada hərbi, hərbi-texniki sahələrdə qəsdən informasiya yığan "xarici agent"lərdən, xarici mənbələrin bu informasiyadan ölkənin təhlükəsizliyinə qarşı istifadə edə biləcəyi hallardan söhbət gedir.

Komitə əlavə informasiya açıqlamayıb.

"Alsu 45 gündür Rusiyada dəmir barmaqlıqlar arxasındadır və bu gün onun siyasi motivli həbs müddəti uzadılıb", – Azad Avropa/Azadlıq Radiolarının prezidenti vəzifəsini icra edən Cefri Qedmin (Jeffrey Gedmin) deyib.

"Rusiya hakimiyyətini Alsunu dərhal konsulluq xidməti ilə təmin etməyə çağırırıq, bu onun ABŞ vətəndaşı kimi haqqıdır. Alsu buraxılmalı və yenidən ailəsinə qoşulmalıdır", – o, sözlərinə əlavə edib.

İstintaq Komitəsi bildirir ki, araşdırma nəticəsində Rusiya Ədliyyə Nazirliyinin Alsunu "xarici agent"lər siyahısına salmadığı üzə çıxıb, jurnalist isə reyestrə salınmaq üçün sənədlərini təqdim etməyib.

Kurmaşeva və AzadlıqRadiosu ittihamı rədd ediblər.

Rusiyaya ittiham

Rusiyada bu il ikinci ABŞ jurnalistinin saxlanması insan haqları qrupları və siyasətçilərin tənqidlərinə səbəb olub. Onlar bu addımı müharibə dövrü senzurasının yeni səviyyəsinin əlaməti adandırıblar.

Kurmaşevanın həbs müddətinin uzadılması barədə məhkəmə qərarından bir gün öncə Rusiyada "Memorial" insan haqları qrupu jurnalisti siyasi məhbus siyahısına salıb.

Rusiya amerikalıları Birləşmiş Ştatlarda saxlanan rusiyalılarla dəyişmək məqsədilə saxlamaqda ittiham olunur.

Noyabrın sonunda Rusiya məhkəməsi ABŞ-ın "The Wall Street Journal" qəzetinin müxbiri Evan Qerşkoviç (Evan Gershkovich) barəsində həbs-qətimkan tədbirinin müddətini uzadıb. Qerşkoviç martın sonunda Uralın Yekaterinburq şəhərində saxlanılıb. Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FSB) onda bildirmişdi ki, Qerşkoviçə qarşı hərbi-sənaye kompleksi barədə dövlət sirlərini yığmağa görə casusluq işi açılıb. Jurnalist ittihamları rədd edib.