Ərdoğan hökuməti İsrailə nəfəslik verməkdə ittiham olundu

Türkiyədə İsrail rejimi ilə ticarətə qarşı dörd günlük etiraz aksiyaları keçirilir.

Türkiyənin müxalifətdə olan siyasi partiyaları İstanbulda nümayişlər keçirərək, hökumətin İsrail rejiminə yüksək texnologiyalı sənayelərdə istifadə edilən bor metalının ixracı istiqamətindəki hərəkətini pisləyiblər.

Nümayişçilər işğalçı İsrail rejimi ilə ticarətin əleyhinə plakatlar qaldıraraq Türkiyə hökumətindən bu rejimlə hər hansı əlaqəni dayandırmasını tələb ediblər.

Daxil olan məlumata əsasən, hökumətin həm özəl, həm də dövlət şirkəti olaraq işğalçı İsraillə ticarət əlaqələrinə son qoyulmasını tələb edən Fələstin Uğrunda “Min Gənclik” qrupunun üzvü olan yüzlərlə vətəndaş polis tərəfindən zorakılıqla həbs edilib.

Onlar İsrailə bor metalının ixrac edilməsinə etiraz edərkən zorakılığa məruz qalıblar.

Bu arada Türkiyənin “Gələcək” partiyasının başqanı, keçmiş baş nazir Əhməd Davudoğlu bu ölkədə işğalçı İsrail rejimi ilə ticarətə qarşı 4 günlük yürüş təşkil etdiyini açıqlayıb.

Əhməd Davudoğlu deyib ki, aksiyalar “Qəzzəli uşaqları öldürməyə kömək edən biznesi dayandırın” şüarı ilə təşkil olunub.

Türkiyə prezidentini ölkənin işğalçı İsrail rejimi ilə ticarətinə görə sərt tənqid edən keçmiş baş nazir son seçkilərdə hakim "Ədalət və İnkişaf" partiyasının məğlubiyyətini Ərdoğanın sionist rejimlə bağlı siyasətləri ilə əlaqələndirib və əlavə edib: “Fələstinin işğal olunmuş ərazilərinə qəsəbələr salmaq və müsəlmanların Məscidül-Əqsaya daxil olmasının qarşısını almaq üçün İsrailə dəmir və sement göndərilir. Hakim partiyanın son seçkilərdə uğursuzluğunun səbəbi budur”.

Xatırladaq ki, Türkiyə prezidenti partiyasının üzvləri ilə görüşündə Qəzzə zolağındakı vəziyyətlə bağlı hökumətin fəaliyyətinin Türkiyə cəmiyyətinin bir qismini qane etmədiyini etiraf edib.

 

SəhərAzəri