Cahangir Hacıyevin arvadı həbs olundu

Beynəlxalq Bankın keçmiş sədri Cahangir Hacıyevin arvadı Zamirə Hacıyeva Londonda həbs edilib.
 
Onun Britaniyadan Azərbaycana ekstradisiya edilməsi müzakirə olunur.
 
55 yaşlı Zamirə Hacıyeva Londonun mərkəzində 15 milyon funt sterlinq dəyərində evdə yaşayır. Onun vəkilləri qadının "fırıldaqçı" olmadığını deyir.
 
O, Britaniyada ilk dəfə tətbiq edilən "İzahedilməz Sərvət Sərəncamı" (UWO) çərçivəsində həbs olunub.
 
UWO, Britaniyada potensial çirkli pullara malik şübhəli korrupsioner xarici rəsmiləri hədəfləmək üçün yeni qanundur.
 
Westminster Magistr Məhkəməsində məlum olub ki, Zamirə Hacıyeva keçən həftə London polisi tərəfindən həbs olunub. Onun həbsi Azərbaycanda hakimiyyətin Zamirə Hacıyevanın Bakıya ekstradisiyası barədə xahişi ilə bağlıdır.
 
O iki mənimsəmə ittihamı ilə üz-üzədir və ötən həftənin çərşənbə axşamı polisə təslim olduqdan sonra təcridxanada saxlanılır.
 
Məhkəmə hakimi Emma Arbuthnot razılaşıb ki, Zamirə Hacıyeva zaminə buraxa bilər. Bunun üçün o, 500 min stelinq məbləğində zəmanət ödəməlidir.
 
Bu məbləği ödədikdən sonra isə o, Londonun mərkəzindəki evində qalmalı, Londonu tərk etməməli və hər gün polisə məlumat verməlidir.
 
Buna baxmayaraq, dövlət prokurorları dərhal etiraz ediblər. Bu isə onun təcridxanada qalacağı deməkdir.
 
Appelyasiya şikayətinin cümə axşamı günü Ali Məhkəmədə keçiriləcəyi gözlənilir.
BBC Azərbaycan