Taleh Bağırzadə: “Bu vəhşiliyi qarşılıqsız qoymayacağıq, onun məzarı önünə gedib…”

Bir neçə gün öncə sosial şəbəkələrdə ermənilərin Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun məzarını dağıtması, məzar daşını insanların gözü önündə iri çəkiclə sındırmasını əks etdirən görüntülər yayılıb. Videodan görünür ki, Milli Qəhrəmanımızın məzar daşı Ağdamdakı Şəhidlər Xiyabanından Xankəndinə aparılaraq, oradakı mərkəzi meydanda sındırılır.

Həbsdə olan ilahiyyatçı, Müsəlman Birliyi Hərəkatının sədri Taleh Bağırzadə saxlandığı Qobustan həbsxanasından bu vandalizmə münasibət bildirib. İlahiyyatçı deyir ki, bu, təkcə bir Milli Qəhrəmana qarşı yox, bütövlükdə bizim qürurumuza qarşı edilmiş hörmətsizlikdir.
İlahiyyatçının fikirlərini təqdim edirik:

***

Şəhid Allahverdi Bağırovun məzarına qarşı hörmətsizlik olub. Bu, təkcə bir Milli Qəhrəmanımıza, şəhidimizə deyil, bütövlükdə Azərbaycan xalqının qüruruna qarşı edilmiş hörmətsizlikdir. Onun qəbir daşını sındırıblar. Ermənilər indi də qəbir daşlarına qarşı vandallıq edib, bununla özlərini qəhrəman sayırlar.
Bu gün ermənilər Azərbaycanda nələr baş verdiyini çox yaxşı bilir. Bilirlər ki, etdikləri bu vandalizmə qarşı çıxıb, birbaşa o məzarın üstünə yürüyüb şəhidimizin hüzurunda sayğı duruşu edə biləcək insanlar indi həbsxanalardadır. Biz necə ki, şəhid Mübariz İbrahimovun məzarı önündə bir gün onun arzusunu həyata keçirib Qarabağı azad edəcəyimizə and içdik, eyni şəkildə Allahverdi Bağırovun da məzarı önünə gedib, onun ruhu qarşısında and içmək və bu andı yerinə yetirmək əzmindəyik.

Bu məzarın harada olmasının heç bir əhəmiyyəti yoxdur. And olsun, o Uca Allaha ki, heç yoxdur. Və biz azadlığımıza qovuşduğumuz anda bu vəhşiliyi qarşılıqsız qoymayacağıq – birbaşa Allahverdi Bağırovun məzarı önünə gedəcəyik. Bizim buna haqqımız var. Çünki onun uyuduğu torpaqlar bizimdir, Allahverdi qardaşımızındır!

Buradan öz xalqıma da səslənirəm. Ruhunuzun əzilməsinə izn verməyin! Sizin qanınız şəhid olmuş Allahverdinin, Mübarizin qanı ilə eyni qandır. Onların damarlarından axan cəsarət sizin də damarlarınızda axır. Öz haqqınıza, torpağınıza və şəhidlərimizə sahib çıxın! Unutmayın, bu ölkə və onun üzərində nə varsa, sizindir! Sizin olan hər şeyin üzərində də sizlərin haqqı var. O haqqa sahib çıxın ki, Haqq olan Allah da sizə sahib çıxıb, zalımlarla mübarizədə tək buraxmasın!

azadliq.info