İsrail Türkiyəni təhdid edərək Ankarada olan HƏMAS liderini ölümlə hədələdi

İsrailin müdafiə naziri İsrail Kats hazırda Türkiyədə olan HƏMAS-ın siyasi qanadının rəhbəri Xəlil əl-Həyyanı öldürməklə hədələyib.

Kats həmçinin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı HƏMAS-a dəstək verməkdə ittiham edərək Ankaranın bu hərəkatın öz ərazisində sərbəst fəaliyyət göstərməsinə şərait yaratdığını iddia edib.

Keçən ilin sentyabrında İsrail Qətərin paytaxtı Dohada HƏMAS-ın qərargahına zərbə endirərək fələstinli danışıqlar heyətini məhv etməyə uğursuz cəhd göstərib.

Həmin hücum zamanı nümayəndə heyətinin üzvləri sağ qalmağı bacarıblar. İnsidentdən dərhal sonra Türkiyə tərəfi ABŞ vasitəsilə Təl-Əvivə xəbərdarlıq edərək bəyan edib ki, Türkiyə ərazisində analoji hücum cəhdi baş verəcəyi təqdirdə İsrail miqyaslı hərbi cavabla üzləşəcək.