İranın dron və raket zərbələri: ABŞ-ın Yaxın Şərqdəki hərbi mövqeləri sarsılır

Yeni dərc olunmuş təsvirlərə və “CBS News” telekanalının əldə etdiyi ABŞ hərbçilərinin ifadələrinə əsasən, ABŞ və İsrail arasındakı müharibənin ilkin mərhələlərində İranın hücumları Amerikalı qüvvələri Kuveytdəki mühüm hərbi bazanı faktiki olaraq tərk etməyə məcbur edib.

 ABŞ əsgərlərinin Müharibə Nazirliyinin media sahəsindəki sərt siyasətinə zidd olaraq yaydıqları videolar bir neçə dronun şaquli enişlə “Kamp Buring” (Camp Buehring) bazasına çırpıldığını göstərir. Bu məkan İraq sərhədindən təxminən 40 kilometr məsafədə yerləşən ABŞ ordusunun mühüm toplanış və hazırlıq mərkəzlərindən biridir. Təsvirlər həmçinin binalara və hərbi texnikaya dəymiş ziyanı da əks etdirir. “CBS” bu videoların həqiqiliyini təsdiqləmək üçün fayllardakı meta-məlumatlardan (metadata) və hücumların fəsadlarına dair görüntülərdən istifadə etdiyini bildirib.

Fevralın 28-də hərbi əməliyyatlar başladıqdan sonra bu baza dəfələrlə İranın balistik raketləri və dronlarının hədəfinə çevrilib. Amerikalı hərbçilərdən biri “CBS”ə müsahibəsində bildirib ki, İranın “F-5” qırıcıları bazaya qarşı tapşırıqları yerinə yetirmək üçün uçuşlar həyata keçirirdilər. Onun sözlərinə görə, onlar “bizə o qədər yaxın idilər ki, pilotların dəbilqələrini görə bilirdim”.

Müharibə başlamazdan əvvəl, bu düşərgədə məskunlaşmış təxminən 7 minlik heyətin böyük hissəsi ABŞ Müharibə Nazirliyinin “X nöqtəsindən çıxın” adlandırdığı strategiyaya uyğun olaraq ərazidən təxliyə edilmişdi. Bu strategiyanın məqsədi qüvvələri Tehranın qisas addımları qarşısında həssas və sabit mövqələrdən uzaqlaşdırmaq idi.

Buna baxmayaraq, bazanı qorumaq üçün təxminən 100 əsgər orada qalmışdı. Bu qüvvələr dəfələrlə yeraltı sığınacaqlara girmək məcburiyyətində kalmış və sursat, o cümlədən “Patriot” sisteminin tutucu raketlərinin ciddi çatışmazlığı ilə üzləşmişdilər.

Hərbçilərdən biri bu media orqanına müsahibəsində deyib: “Bizi bərk vurdular. Dəhşətli idi… Bazanı tərk etməyə məcbur olduq.”

Qalan qüvvələr nəhayət bazadan qaçaraq Kuveyt səhrasında müvəqqəti əməliyyat məntəqələri qurdular və həftələrlə orada məskunlaşdılar. Bir neçə nəfərin yaralanmasına baxmayaraq, ABŞ qüvvələrindən həlak olan olmadı.

Həmin hərbçi əlavə edib: “CBKU tamamilə məhv edildi. Bu məsələ araşdırılmalıdır. Niyə heç kim qüvvələrimizi möhkəmləndirməyə gəlmədi?”

ABŞ Müharibə Nazirliyi “CBS”in hesabatına birbaşa şərh verməkdən imtina edib və bunun əvəzinə media orqanını Pentaqon rəhbəri Pit Heqsetin mart ayındakı bəyanatlarına yönəldib. Heqset həmin vaxt Regiondakı ABŞ bazalarından amerikalı qüvvələrin 90 faizindən çoxunun çıxarıldığını etiraf etmişdi.

Bu ifşalar “Associated Press” tərəfindən aparılan təhqiqatın Kuveytin digər nöqtələrindəki ABŞ qüvvələrinin hazırlıq səviyyəsi ilə bağlı ayrı-ayrı suallar qaldırmasından bir neçə gün sonra dərc olunub. Martın 1-də İran dronunun Şuaybə limanındakı ABŞ əməliyyat mərkəzinə çırpılması nəticəsində altı əsgər həlak olmuş, onlarca insan yaralanmışdı; bu hücum bu münaqişə ərzində ABŞ qüvvələrinə qarşı törədilmiş ən ölümcül tək hücum sayılır.

Yaralılardan bəziləri bildiriblər ki, hərbçilər ilk vaxtlarda ilkin tibbi yardım dəstlərindən istifadə edərək bir-birlərinə qulluq edir, Kuveyt şəhərindəki ən yaxın xəstəxananı tapmaq üçün isə “Google”dan istifadə etməyə məcbur olurdular. ABŞ Müharibə Nazirliyi isə tibbi cavab tədbirlərinin adekvat olduğunu vurğulamaqda davam edir.

“Kamp Buring”in dağıdılması ABŞ-ın Yaxın Şərqdəki hərbi iştirakına qarşı aparılan daha geniş əməliyyatın bir hissəsi idi. Bu əməliyyatda İran raketləri və dronları bir neçə ölkədəki hərbi bazaları və obyektləri hədəf alaraq təyyarələrə, radar sistemlərinə, təyyarə anqarlarına, kazarmalara və digər infrastruktura ziyan vurmuşdu.

Sentyabr ayına olan məlumata görə, “CENTCOM” bu müharibənin Vaşinqtona indiyədək 43,6 milyard dollara başa gəldiyini bildirib; bu rəqəmə səkkiz ölkədəki ABŞ bazalarına dəymiş genişmiqyaslı ziyan daxil deyildi. İnsan tələfatının real sayı isə mübahisəli olaraq qalmaqdadır: ABŞ Müharibə Nazirliyi sentyabrın ortalarına olan məlumata əsasən rəsmən 18 hərbçinin ölümünü təsdiqlədiyi halda, “Washington Post”un istinad etdiyi hərbi mənbələr bu rəqəmin 22 və ya 23 nəfər olduğunu bildirib.

Dəymiş ziyan artdıqca, ABŞ Müharibə Nazirliyi regiondan yayımlanan görüntülər üzərində nəzarəti sərtləşdirib. İyulun 17-də İranın İordaniyadakı “Muvaffaq əs-Salti” aviabazasına raket və dron hücumu nəticəsində üç ABŞ hərbçisinin həlak olmasından sonra, CENTCOM komandanı Brad Kuper qüvvələrə hücum yerlərini videoya çəkməkdən çəkinməyi xəbərdar edib. O iddia edib ki, ictimaiyyətə təqdim olunan görüntülər Tehrana öz hücumlarının dəqiqliyini və təsirini qiymətləndirməyə kömək edir.

ABŞ-ın hərbi bazalarına ev sahibliyi edən müttəfiqləri də hərbi obyektlərin və hücumların fəsadlarının videoya çəkilməsinə görə sərt qadağalar və cəzalar tətbiq ediblər; bu isə İranın hücumlarına dair müstəqil görüntülərin daha da nadir tapılmasına gətirib çıxarıb.