Böyük Britaniyanın Yaşıllar Partiyası "Sionizm irqçilikdir" mövqeyini təsdiqləyib

İsrail, partiya üzvlərinin Sionizmi "irqçilik" kimi müəyyən edən qərarı qəbul etməsindən sonra Böyük Britaniyanın Yaşıllar Partiyasının lideri Zak Polanskinin ölkəyə girişinə qadağa qoyub. Böyük Britaniyadakı yəhudi təşkilatları bu qərarın antisemitizmi gücləndirdiyini iddia etsələr də, hakim Leyboristlər Partiyası və Mühafizəkarlar da səsverməni tənqid ediblər.

İsrail, partiya üzvlərinin Sionizmi irqçilik kimi müəyyən edən qərarı qəbul etməsindən sonra Böyük Britaniyanın Yaşıllar Partiyasının lideri Zak Polanskinin ölkəyə girişinə qadağa qoyub.

İsrail Xarici İşlər Nazirliyi bildirib ki, xarici işlər naziri Gideon Saar bu qərarı bazar günü axşam, sol meyilli partiyanın illik konfransında səsvermə keçirildikdən bir neçə saat sonra verib. Nazirlik sözügedən qərarı "açıq-aşkar antisemit mətn" kimi qiymətləndirib və Polanskiyə tətbiq edilən giriş qadağasını "ilk addım" adlandırıb.

İsrail Xarici İşlər Nazirliyinin bəyanatında deyilir: "Yaşıllar təkcə HƏMAS-ın yaşıl rəngini deyil, həm də silahlı mübarizə yolu ilə İsrail dövlətini məhv etmək ideologiyasını mənimsəyiblər". İsrail Prezidenti İsaak Hersoq da Yaşıllar Partiyasının qərarını "utancverici" adlandırıb.

Hersoq "X" sosial şəbəkəsindəki paylaşımında qeyd edib: "Sionizm yəhudi xalqının milli azadlıq hərəkatıdır və yəhudi xalqının İsrail torpağında dövlətə və milli vətənə sahib olmaq hüququnun əsasını təşkil edir".

Qərar 813-ə qarşı 1022 səslə qəbul edilib.

Qərarda Sionizmə "irqçiliyin digər bütün formaları ilə eyni şəkildə" yanaşılmalı olduğu qeyd edilsə də, partiya həmçinin "tarixi Fələstin ərazisində vahid, demokratik Fələstin dövləti"nin yaradılmasını dəstəkləyəcəyini vəd edib.

 

Yəhudi təşkilatlarından təhlükəsizlik xəbərdarlığı

Səsvermə Böyük Britaniyadakı yəhudi icması üçün təhlükəsizliklə bağlı narahatlıqların artdığı bir dövrdə keçirilib. Britaniya Yəhudilərinin Nümayəndələr Şurası (Board of Deputies of British Jews) qərarın "yəhudilərə qarşı nifrəti körüklədiyini" iddia edib.

Təşkilat öz bəyanatında qeyd edib ki, ötən il ərzində Böyük Britaniyada yəhudilər "sinaqoqlara gedərkən öldürülüb, küçələrdə bıçaqlı hücumlara məruz qalıb və icma binaları yandırılıb".

Keçən il "Yom Kippur" bayramı zamanı Mançesterdəki bir sinaqoqa edilən hücumda iki nəfər həyatını itirmişdi.

Mart ayında Şimali Londonun Qolders Qrin (Golders Green) ərazisində yəhudi könüllülər tərəfindən idarə olunan təcili yardım maşınları yandırılmışdı. Bu hücum paytaxtdakı sinaqoqları və digər yəhudi qurumlarını hədəf alan bir sıra yanğın törətmə hadisələrinin ilki idi. Aprel ayında həmin ərazidə iki yəhudi kişi bıçaqlanmışdı. Keçən həftə iki İran vətəndaşına bu ilki "Yom Kippur" qeyd etmələri zamanı Mançesterdə hücum həyata keçirmək planı ilə əlaqədar ittiham irəli sürülüb.

Antisemitizmi izləyən "Community Security Trust" təşkilatının məlumatlarına görə, 2026-cı ilin ilk altı ayında 1926 antisemitizm hadisəsi qeydə alınıb. Bu rəqəm, təşkilatın ilin ilk yarısı üçün indiyədək qeydə aldığı ikinci ən yüksək göstəricidir. Bu dövrdə 135 fiziki hücum qeydə alınıb ki, bu da rekord sayda yüksək göstəricidir.

Yaşıllar Partiyasının səsverməsindən əvvəl Nümayəndələr Şurası, "Community Security Trust" və Yəhudi Liderlik Şurasının rəhbərləri partiyaya birgə məktub göndərmişdilər.

Bu təşkilatların rəhbərləri iddia edirdilər ki, əgər təklif qəbul edilərsə, Yaşıllar Partiyası — əhəmiyyətli seçici dəstəyinə malik olanlar arasında — uzun illərdən bəri ilk dəfə olaraq "açıq-aşkar antisemit xarakterli siyasi platforma" qəbul edən ilk Britaniya siyasi partiyası olacaq.

 

Britaniya siyasi partiyalarının reaksiyası

Hakim Leyboristlər Partiyasının yüksək vəzifəli üzvü Bricet Fillipson da qərarı tənqid edib.

Həmçinin Qadınlar və Bərabərlik üzrə Nazir vəzifəsini icra edən Fillipson bildirib: "İsrail və Fələstin üçün iki dövlətli həll yolunun əleyhinə səs vermək və İsrailin mövcudluq hüququnu dəstəkləyən Britaniya yəhudilərinin — eləcə də bütün dünyadakı yəhudilərin — böyük əksəriyyətini irqçi kimi damğalamaq utancvericidir." Müxalifətdəki Mühafizəkarlar Yaşılları "kökündən zərərli" (toksik) adlandırıblar. Partiyanın daxili işlər üzrə kölgə naziri Kris Filp bildirib: "Britaniyalı yəhudilər hər hansı Britaniya siyasi partiyası tərəfindən qəbul edilmək üçün yəhudilərin öz müqəddəratını təyin etmə hüququndan və İsrailin mövcudluğundan imtina etdiklərini bəyan etməyə məcbur edilməməlidirlər."

Yaşıllar Partiyasının sözçüsü bildirib: "Bu, üzvlərimiz arasında ciddi və dərin narahatlıq doğuran bir müzakirəyə çevrilib."

Polanski və partiyanın parlament üzvləri birgə bəyanatda vurğulayıblar ki, "fələstinlilərin hüquqlarını dəstəkləməklə yəhudi xalqının hüquqlarını dəstəkləmək arasında heç bir ziddiyyət yoxdur."

Sözügedən təklif partiyadaxili fikir ayrılıqlarını üzə çıxarıb. Beş parlament üzvündən azı üçü təklifin əleyhinə səs verib; keçmiş Baş nazir Keir Starmerin Londondakı seçki dairəsindən parlamentə namizədliyini irəli sürən Polanski isə səsvermədə iştirak etməyib.

Həftənin əvvəlində Polanski bəyan etmişdi ki, Fələstin xalqının öz torpaqlarından didərgin salınması və məruz qaldığı soyqırımı "açıq-aşkar irqçilik" təşkil edir.

Birləşmiş Millətlər Təşkilatının araşdırmaçıları da İsraili Qəzzadakı müharibə zamanı "soyqırımı" törətməkdə ittiham ediblər; İsrail isə bu qiymətləndirməni rədd edir.

İcmalar Palatasındakı 650 yerdən beşinə sahib olan Yaşıllar, mərkəz-solçu Leyboristlər hökumətinin İsrail-Həmas müharibəsi ilə bağlı mövqeyindən narazı qalan seçiciləri cəlb etməklə Polanskinin rəhbərliyi altında səs paylarını artırmışdılar. Bununla belə, son sorğular Polanskinin populyarlığının azaldığını göstərir.