Odessaya kütləvi dron hücumu nəticəsində 2 nəfər ölüb, 14 yaralı var

Aprelin 24-nə keçən gecə Rusiya ordusu Ukraynanın Odessa şəhərinə pilotsuz uçuş aparatları ilə hücum edib.

UNİAN-ın məlumatına görə, şəhər gecə ərzində bir neçə dəfə dronlarla hədəf alınıb.

PUA-ların yaşayış məntəqələri üzərində uçduğu bildirilir.

Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətinin Odessa vilayəti üzrə idarəsindən verilən məlumata əsasən, hücumlar nəticəsində ilkin məlumatlara görə 2 nəfər həlak olub, 14 nəfər yaralanıb.

Zərbələrin əsasən yaşayış binalarına və mülki infrastruktura yönəldiyi qeyd olunur.

Hücum zamanı 3 mərtəbəli yaşayış binasına düşən zərbə nəticəsində mənzillər dağılıb və yanğın baş verib.

Bu hadisə nəticəsində 6 nəfər xəsarət alıb. Bundan əlavə, iki 2 mərtəbəli yaşayış binası da dağılıb. Ərazidən 1 nəfər xilas edilib, 20 nəfər, o cümlədən 2 uşaq təxliyə olunub.

Bu istiqamətdə daha 7 nəfərin yaralandığı bildirilir.

Hadisə ilə bağlı araşdırma aparılır.