İqtisadçı: “Dövlət resursları Ağalarovların ailə biznesi üçün səfərbər olunub”

Nazirlər Kabinetinin 15 aprel tarixli qərarına əsasən, biznesmen və müğənni Emin Ağalarovun “Sea Breeze Resort” layihəsi üçün süni torpaq sahəsinin yaradılmasına icazə verilib.

Qərara əsasən, Sabunçu rayonunun Nardaran qəsəbəsində sahilboyu zolağa bitişik iki süni torpaq sahəsinin yaradılması məqsədilə ümumilikdə 55 hektar su fondu torpağı ayrılıb. Bunun 9,08 hektarı sahilboyu zolağına, 46 hektarı isə birbaşa dəniz akvatoriyasına düşür.

Açıq Azərbaycan Təşəbbüsünün təsisçisi, iqtisadçı Zöhrab İsmayıl “Toplum TV”-yə bildirib ki, bu layihəni özəl sektor adı altında təqdim etməyə ehtiyac yoxdur.

“Bu, ailə biznesidir və dövlət resursları, dövlətin imkanları, qanunvericilik belə bu ailə biznesi üçün səfərbər olunub. Hətta gələcəkdə məmurlar və iş adamlarının da bu layihədən mənzil və ya digər obyekt almağa təşviq olunması ehtimalı istisna edilmir”, - deyə iqtisadçı vurğulayıb.

İqtisadçı qeyd edib ki, cəmiyyət sadəcə Emin Ağalarovun şirkətinin müxtəlif layihələrinin reklamını görür: “Görünən odur ki, dövlətin imkanlarından və torpaq sahələrindən istifadə edilərək bu şərait keçmiş kürəkən üçün yaradılıb. O da müəyyən investisiya qoyur, sonra hotelləri, evləri, mənzilləri, hətta tikilməmiş mənzilləri sataraq əldə olunan vəsaiti yenidən layihəyə yatırır”.

“Sea Breeze” layihəsi illərdir davam etsə də, dövlət büdcəsinə nə qədər vəsait daxil olduğu barədə dəqiq rəqəm açıqlanmır. Zöhrab İsmayılın sözlərinə görə, bu məsələ ilə bağlı dövlət qurumlarının və məmurların nə hesabat vermək, nə sualları cavablandırmaq, nə də məlumatları açıqlamaq imkan və səlahiyyətlərinin olduğu görünür.

Z.İsmayıl xatırladıb ki, layihə çərçivəsində istifadə olunan torpaq və dəniz sahələri dövlətə məxsus resurslardır. “Ağalarovun layihələrinin həyata keçirildiyi bəzi əvvəlki ərazilərdə bağ sahələri zəbt olunub və həmin mülkiyyətçilərin hüquqlarının pozulması ilə bağlı Avropa Məhkəməsinin qərarları mövcuddur. Azərbaycan hökuməti bu pozuntulara görə kompensasiya ödəyib və ya ödəməlidir” - iqtisadçı deyib.

Ekspert sözügedən layihədə dövlətin və ictimaiyyətin maraqlarının pozulduğunu düşünür:

“İndiyədək bu layihə çərçivəsində yerli resurslardan necə istifadə olunduğu, nə qədər yeni iş yerinin yaradıldığı, nə qədər vergi ödənildiyi və layihənin sosial-iqtisadi faydası barədə heç bir açıqlama verilməyib. Xəzər dənizi sahilində turizm obyektlərinin və süni adaların yaradılması ilə bağlı Azərbaycanın ümumi strategiyası yoxdur. Ölkədə Turizm Agentliyi fəaliyyət göstərsə də, bu istiqamətdə hər hansı rəsmi sənəd ictimaiyyətə təqdim edilməyib”.

İqtisadçı hesab edir ki, Xəzər dənizinin böyük turizm potensialı olsa da, sahil ərazilərinin əksər hissəsi müxtəlif çimərliklər, hotellər, villalar və digər obyektlər tərəfindən “zəbt olunub”.

“Prezidentin keçmiş kürəkəninin Bilgəh və Nardaran kimi Abşeronun ən təmiz ərazilərində bu layihənin həyata keçirilməsi fonunda Azərbaycan iqtisadiyyatına nə verəcəyi və dövlətin hansı qazanc əldə edəcəyi ilə bağlı hər hansı qiymətləndirmə mövcud deyil”, - o əlavə edib.

Ekspert qeyd edib ki, Xəzərdə süni adaların və yarımadaların yaradılması adi  məsələ deyil və dənizin flora-faunasına təsiri beynəlxalq səviyyədə qiymətləndirilməlidir: “Azərbaycan imzaladığı beynəlxalq konvensiyalara əsasən belə qiymətləndirməni aparmağa borcludur, lakin indiyədək belə bir sənəd açıqlanmayıb və görünən odur ki, mövcud deyil”.

Artıq hökumətyönlü media qurumları və bəzi deputatlar Nazirlər Kabinetinin sözügedən qərarını əsaslandıran açıqlamalarla çıxış etməyə başlayıblar.

Deputat Aydın Hüseynov yerli mediaya bildirib ki, Xəzər dənizində süni torpaq sahələrinin yaradılması özəl sektorun inkişafı üçün yeni imkanlar formalaşdıracaq. Onun sözlərinə görə, bu təşəbbüs Azərbaycanın iqtisadi potensialının genişlənməsinə, turizm sektorunun daha da canlanmasına və xüsusilə premium turizmin inkişafına müsbət təsir göstərə bilər.

A. Hüseynov əlavə edib ki, baş nazir tərəfindən qəbul olunan qərar mövcud qanunvericiliyin tələblərinə uyğun şəkildə həyata keçirilir. O vurğulayıb ki, süni adaların yaradılması biznes mühitinin genişlənməsi, məşğulluğun artırılması və ümumi iqtisadi aktivliyin yüksəlməsi baxımından müsbət nəticələr vəd edir.

“Sea Breeze Resort” kurort kompleksinin əsası Emin Ağalarov tərəfindən 2006-cı ildə qoyulub   və son illərdə daha geniş miqyasda inkişaf etdirilərək iri investisiya platformasına çevrilib.

Ağalarovun fəaliyyəti təkcə biznes sahəsi ilə məhdudlaşmır, onun adı siyasi elita ilə əlaqələri fonunda da vaxtaşırı ictimai diqqət mərkəzinə düşür. O, 2005-ci ildə prezident İlham Əliyevin qızı Leyla Əliyeva ilə ailə qurub. Sonradan bu nikah başa çatsa da, Ağalarov ölkə daxilində iri investisiya layihələrini genişləndirməkdə davam edib.

Mövzuya marağı artıran digər məqam isə Azərbaycanda kazino fəaliyyətinə münasibətdə baş verən son dəyişikliklərdir. Ölkədə qumarxanaların fəaliyyəti 27 yanvar 1998-ci ildə, eks-prezident Heydər Əliyevin imzaladığı sərəncamla qadağan edilmişdi. Bununla belə, son dövrdə qanunvericilikdə edilən dəyişikliklər müəyyən şərtlər daxilində kazino fəaliyyətinə imkan yaradır. Bir müddət əvvəl Emin Ağalarov mediaya açıqlamasında “Sea Breeze” layihəsində kazino sənayesinin inkişafını arzuladığını bildirmişdi. Bu kontekstdə, yeni yaradılan süni torpaq sahələrində kazino fəaliyyətinin mümkünlüyü artıq hüquqi çərçivədə rəsmiləşdirilib.