“Dövlətdən kənar dövlət” – 17 saylı Cəzaçəkmə Müəssisəsindən məhbusların ifşası. 4-cü hissə

 

Yeməkxana problemi – “21-ci əsrdə heyvanlara belə yem verilmir”

Müəssisə rəisi Şəfahət Abbasov məhkumları düzgün və keyfiyyətli qida ilə təmin etmir, çöldən gələn qidanın da qarşısını alır. Məhkumlara verilən qidalar arasında arpa yarması, buğda yarması, sovet dövründən qalma iylənmiş ət, ucuz və keyfiyyətsiz palma yağı, həftədə bir dəfə soyutma kartof, həftədə bir dəfə adam başına 1 yumurta, bayat və köhnə çörək var.

“Yuxarıda adı çəkilən qidalar 21-ci əsrdə heç mal-qara heyvanlarına belə verilmir. Heyvandarlıqda belə Avropa standartlarına uyğun yemlərlə qidalandırılır. Amma penitensiar xidmətin əməkdaşı Şəfahət Abbasov məhkumlara heyvanlar qədər hörmət etmir.”

AQTA (Qida Təhlükəsizliyi Agentliyi) bu cəzaçəkmə müəssisəsində reydlər keçirməli, məhkumlardan anonim sorğu aparılmalı, qida keyfiyyəti yoxlanılaraq məsul şəxslər cəzalandırılmalıdır.

Süründürməçilik problemi

Şəfahət Abbasovun iyrənc siyasətinin digər tərəfi – məhkumların haqlı problemlərini yubatma, gecikdirmə və yola verməmə siyasətidir. Onun qəbuluna çıxanda şəxs zəiflik göstərərsə, onu təhqir edib söyərək otağından qovur.

Siyasi məhbus və jurnalistlərdən qorxduğu üçün onlara hörmətsizlik etmir, xoş və şirin danışır, problemin həll ediləcəyinə söz verir. Onlar gedən kimi işçilərinə tapşırır: “Bunların işini uzağa çəkin, iyrəndirib bezdirin.”

Öz haqlı tələbindən əl çəkməyən şəxsləri isə heç bir səbəb olmadan karcerə bağlayır, telefon və görüşlərinə qadağa qoyur, korpusunu dəyişir və ya başqa cəzaçəkmə müəssisəsinə göndərir.

4-cü hissənin sonu – ardı var